DÜNYA
İraq Kürdüstanının karbohidrogen resurslarından gəlir əldə etməsi üçün yeganə yol Türkiyədir
Bakı, 9 oktyabr, AZƏRTAC
İraq Kürdüstan Regional Rəhbərliyinin (İKRR) karbohidrogen resurslarından gəlir əldə etməsi üçün yeganə yol Türkiyədir.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə “Turcas Petrol” şirkətinin idarə heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
“Mən Türkiyə ilə İKRR arasındakı əlaqələrin zamanla düzələcəyinə və Türkiyə üzərindən Kərkükdəki enerji qaynaqlarının ixracına davam ediləcəyinə inanıram. Bu, olmaq məcburiyyətindədir”.
İKRR-dəki neft qaynaqlarının beynəlxalq bazara təsirinin çox zəif olduğuna diqqəti çəkən M.Brayza bildirib: “Türkiyə İKRR arasındakı proseslərin baş verdiyi dövrdə neftin qiymətində çox az bahalaşma oldu. Dünyada gündəlik təxminən 100 milyon barrel neft istehlak edilir. İraqın şimalından ixrac edilən neft isə bu həcmin 1 faizinə bərabərdir. Lakin bu qaynaqların Türkiyə üzərindən beynəlxalq bazara ixracı Türkiyə, İKRR və İraq hökuməti arasında uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi üçün şərait yaradır”.
Qeyd edək ki, dünya neft ehtiyatlarının təxminən 3 faizi İraq Kürdüstan Regional Rəhbərliyinin ərazisində cəmləşib. Hazırda bu bölgədən gündəlik 600 min barrel neft hasil edilir. İKRR-nin təsdiq olunmuş neft ehtiyatları isə 50 milyard barrelə çatır. Bu da İraqın ümumi neft ehtiyatlarının təxminən üçdəbiri deməkdir. Bu regiondakı yataqlardan hasil edilən neft Kərkük-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına nəql olunur və buradan da dünya bazarına ixrac edilir.