İQTİSADİYYAT
İraq OPEC-in neft hasilatının məhdudlaşdırılması müqaviləsinin bu ölkəyə şamil edilməməsini istəyir
Bakı, 28 noyabr, Nihad Budaqov, AZƏRTAC
İraq parlamenti Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Vyanada keçiriləcək sammiti ərəfəsində neft hasilatının məhdudlaşdırılması müqaviləsinin bu ölkəyə şamil edilməməsini istəyir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İraq parlamentinin neft və energetika komissiyasının sədri Ariz Abdullah OPEC-in hasilatın azaldılması çağırışı edərkən İraqın yaşadığı iqtisadi böhranı və terrorizmə qarşı apardığı müharibəni nəzərə almasını bəyan edib.
İraqın neft istehsalının ötən illərdə maksimum səviyyəyə çatmadığını bildirən A.Abdullah digər neft ölkələrindən İraqı hasilatın azaldılması müqaviləsindən kənarda saxlamalarını istəyib.
O, İraqda işləyən və neftin qiymətinin ucuzlaşmasından sonra ölkə iqtisadiyyatında böyük bir yük təşkil edən xarici şirkətlər məsələsində də problem yaşandığını deyib, bu problemin həll edilməsi üçün İraqın Neft Nazirliyi və xarici şirkətlər arasında qarşılıqlı maraqları nəzərdə tutan müzakirələrə ehtiyac olduğu bildirib.
Qeyd edək ki, OPEC-ə üzv ölkələr təşkilatın sentyabrın 29-da Əlcəzairdəki qeyri-rəsmi iclasında neft bazarda sabitliyin yaranması üçün hasilatın gündəlik 32,5-33 milyon barrel səviyyəsində məhdudlaşdırılmasına qərar veriblər. Hazırda OPEC və qeyri-OPEC ölkələri istehsalın nə qədər azaldılacağını müəyyənləşdirməyə çalışırlar. OPEC-in Nazirlər Şurasının 171-ci iclası noyabrın 30-da Vyanada keçiriləcək.