DÜNYA
İraq ilə Səudiyyə Ərəbistanı neft bazarını balanslaşdırmaq üçün birgə çalışacaq
Bakı, 12 noyabr, AZƏRTAC
İraq ilə Səudiyyə Ərəbistanı neft bazarını balanslaşdırmaq üçün birgə çalışacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin sözçüsü Asim Cihad deyib.
O bildirib ki, İraq və Səudiyyə Ərəbistanı neft bazarını balanslaşdırmaq üçün birgə çalışmaq qərarına gəlib.
Qeyd edək ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.