İraq mətbuatında ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib
AzerTAg.az
Bağdad, 11 may, AZƏRTAC
İraq mətbuatında “Heydər Əliyev: Müasir Azərbaycan tarixinin yaradıcısı” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, İraqın “mustaqbl.net”, “elamin-news”, “anbaaiq-news”, “nayrouz-news”, “nabzboz-news” saytlarında işıq üzü görən məqalədə Ulu Öndərin həyat və siyasi fəaliyyətindən bəhs olunub.
Nəzərə çatdırılıb ki, anadan olmasının 99 illiyi qeyd olunan Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik edib. Onun rəhbərlik etdiyi illərdə Azərbaycan böyük inkişafa nail olub. Xalqın sosial vəziyyəti və ölkədəki ictimai-siyasi sabitlik qorunub saxlanılıb.
Müstəqilliyin ilk illərində Azərbaycan çox böyük problemlərlə qarşılaşdı. Bir tərəfdən erməni işğalı, digər tərəfdən xarici dövlətlərin Azərbaycanın daxili işlərinə müdaxiləsi dövləti parçalanmaq həddinə gətirib çıxarmışdı. Belə bir ümidsiz və çıxılmaz vəziyyətdə hakimiyyətə qayıdan Heydər Əliyev milli birliyə nail olaraq ölkədəki sabitliyi bərpa etdi. Daha sonra Ermənistanın işğalının qarşısını alaraq minlərlə gəncin həyatını xilas etdi. Onun uzaqgörən siyasi kursu nəticəsində ölkəyə investisiya axını başladı və xalqın sosial-iqtisadi vəziyyəti yüksəldi.
Bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın işğal altındakı ərazilərini azad edib. Azərbaycan böyük qələbə əldə edərək gələcəyə ümidlə baxır. Azərbaycan xalqı Heydər Əliyevin siyasi kursunu daim dəstəkləyir. Çünki bu kurs həmişə xalqa azadlıq və firavanlıq bəxş edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad



Xəbərin mətnində orfoqrafik səhv var