İQTİSADİYYAT
İraq neft hasilatının “dondurulması” ilə bağlı razılığa gəlinməsi üçün təkliflər verəcək
Bakı, 21 noyabr, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) ikinci ən böyük istehsalçısı olan İraq OPEC-in noyabrın 30-da Vyanada keçiriləcək sammitində istehsalçıların hasilatın “dondurulması” ilə bağlı razılıq əldə etmələri üçün təkliflər irəli sürəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb. Təkliflərin nədən ibarət olduğu isə açıqlanmayıb.
Mütəxəssislər isə bu addımın neftin bahalaşmasına gətirib çıxaracağı qənaətindədirlər.
Qeyd edək ki, İraq neft bazarında sabitliyi yaratmaq üçün həyata keçirilməsi nəzərdə tutulan hasilatın miqdarının məhdudlaşdırılması ilə bağlı razılığa qarşı çıxmışdı. İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi ölkəsinin hasilatın məhdudlaşdırılması təşəbbüsünə qoşulmayacağını bəyan etmişdi.
Xatırladaq ki, sentyabrın sonunda OPEC-in Əlcəzairdəki qeyri-rəsmi görüşündə neft hasilatının sutkada 32,5-33 milyon barrel səviyyəsində məhdudlaşdırılması üzrə ilkin razılığa gəlinib. Yekun qərarın isə bu ayın sonunda Vyanada qəbul edilməsi nəzərdə tutulur.