DÜNYA
İraq neft müqabilində Livandan səhiyyə xidmətləri alacaq

Bakı, 3 aprel, AZƏRTAC
İraq neft müqabilində Livandan səhiyyə xidmətləri alacaq.
AZƏRTAC xəbər verir ki, tərəflər bununla bağlı müqavilə imzalayıb. Livanın səhiyyə naziri Hamed Həsən və iraqlı həmkarı Həsən et-Temimi Livanın İraq nefti müqabilində səhiyyə xidmətləri göstərməsinə dair əməkdaşlıq müqaviləsi imzalayıblar. Livanlı nazir İraq nümayəndə heyətinə Livandakı səhiyyə müəssisələri tərəfindən göstərilən inkişaf etmiş səhiyyə xidmətləri barədə məlumat verib. O, 2019-cu ildə iki ölkə arasında imzalanan səhiyyə əməkdaşlığı müqaviləsinə Livanın İraq nefti müqabilində səhiyyə xidmətləri göstərməsini nəzərdə tutan əlavə bəndin əlavə olunduğunu bildirib.
İraqlı nazir müqavilənin genişləndirilməsinin ölkəsində səhiyyə sektorunun və Livanda isə iqtisadiyyatın inkişafına kömək edəcəyini qeyd edib.
Qeyd edək ki, İraqın səhiyyə müəssisələrində göstərilən xidmətlərin aşağı səviyyədə olması yüzlərlə insanı müalicə üçün xaricə getməyə məcbur edir. Uzun müddətdir iqtisadi böhranda olan Livanda isə həm neft, həm də elektrik enerjisi qıtlığı yaşanır.
İki ölkə 2019-cu ildə sağlamlıq turizmi, İraqdakı müasir xəstəxanaların idarə edilməsi və Livan mütəxəssisləri tərəfindən səhiyyə işçilərinin hazırlanması sahəsində əməkdaşlıq müqaviləsi imzalamışdı.