SİYASƏT
İraq qəzetində Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə dair məqalə dərc olunub
Tehran, 25 fevral, AZƏRTAC
İraqın “Kul Al-Akbaar” qəzetində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdən bəhs edən məqalə dərc olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycanın İraqdakı səfirliyindən məlumat verilib.
Dərc olunan məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin dəmir məntiqi, tarixi faktlara əsaslanan çıxışına yer ayrılıb, ölkəmizin haqlı mövqeyindən bəhs edilib.
Qəzetin həmin nömrəsində dərc olunan digər məqalənin müəllifi İraq Prezidentinin keçmiş müşaviri Hassan Faşzi Jasimə tərəfindən yazılıb. Yazıda göstərilib ki, Ermənistan Xocalı şəhərini işğal edərək dəhşətli qətliam törədib ki, bu beynəlxalq aləm tərəfindən soyqırımı kimi qəbul edilir. Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin motoatıcı alayı ilə birgə Xocalı şəhərini zəbt etməsindən, dinc əhliyə qarşı soyqırımı aktı həyata keçirməsindən bəhs olunur. Bildirilir ki, Xocalının işğalı zamanı bir gecədə 613 nəfər, о cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, yüzlərlə insan əsir və girov götürülüb. Xocalı şəhəri yerlə-yeksan edilib, evlər və sosial infrastruktur tamamilə dağıdılıb.
Məqalə, həmçinin Azərbaycan-İraq əlaqələrindən, əməkdaşlığın geniş perspektivlərindən bəhs olunur. Azərbaycanın İraq üçün əhəmiyyətli ölkə olduğu vurğulanır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran