QAN YADDAŞI
İraq saytlarında dərc olunan məqalədə Xocalı soyqırımı barədə geniş məlumat verilib
Tehran, 19 fevral, AZƏRTAC
İraq mətbuatında Xocalı soyqırımı və erməni vəhşilikləri barədə geniş məlumat verilib.
AZƏRTAC xəbər verir ki, İraqın “s-news”, “mnolalim.home.blog” və “sindibadnews.com” saytlarında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan məqalə dərc edilib.
Məqalədə Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəyə başlaması, torpaqlarımızın 20 faizdən çoxunun işğal olunması və törədilən cinayətlər haqqında əhatəli məlumatlar verilib.
Diqqətə çatdırılıb ki, keçmiş SSRİ rəhbərliyinin yanlış milli siyasəti və ermənilərə havadarlıq etməsinin nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar işğala məruz qaldı. Xocalının işğalı zamanı qadınlara, qocalara və uşaqlara qarşı görünməmiş vəhşiliklər törədildi, cəsədlər təhqir olundu.
Qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atəşkəsə nail olundu və milli ordunun formalaşması istiqamətində ciddi addımlar atıldı. Bildirilir ki, Prezident İlham Əliyev dəfələrlə ən yüksək tribunlardan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin mümkünlüyünü bəyan edib.
Yazıda bildirilir ki, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində də ciddi addımlar atılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası bu soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında mühüm rol oynayır. Bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq tarixi qərarlar qəbul edilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran