ELM VƏ TƏHSİL
“İraq-türkman ləhcəsinin leksikası” monoqrafiyası işıq üzü görüb
Bakı, 14 fevral, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Kübra Quliyevanın “İraq-türkman ləhcəsinin leksikası” monoqrafiyası çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əsərin elmi redaktoru və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, rəyçiləri filologiya elmləri doktoru, professor Elbrus Əzizov və filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyevadır.
Monoqrafiyada İraq türkmanlarının zəngin dil xəzinəsindən, bugünkü Azərbaycan ədəbi dili, eləcə də dialekt və şivələri ilə səsləşən bir sıra leksik vahidlərin işlənmə formalarından, leksik-semantik baxımdan izahından bəhs edilir, İraq türkmanlarının dili ilə müasir Azərbaycan ədəbi dili və dialekt və şivələri leksikanın bütün səviyyələrində nəzərdən keçirilir.
Əsər elmi ictimaiyyət, filologiya fakültələrinin tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.