DÜNYA
İraqda İŞİD qruplaşmasının hücumu nəticəsində 11 hərbçi həlak olub
Bakı, 21 yanvar, AZƏRTAC
Bağdadın şimal-şərqində yerləşən Diyala əyalətində İŞİD qruplaşmasının hücumu nəticəsində azı 11 hərbçi həlak olub.
AZƏRTAC Shafaq informasiya agentliyinə istinadla xəbər verir ki, yanvarın 21-də səhər saatlarında İŞİD qruplaşmasının 10 nəfərdən çox silahlısı əyalətin şimalındakı Ət-Talia və Um əl-Karame kəndləri arasında yerləşən ordu qərargahına hücum edib. Hücum nəticəsində 11 hərbçi, o cümlədən tabor komandiri həlak olub. Hazırda qruplaşmanın son illərdə ən böyük hücumunun baş verdiyi əraziyə əlavə kömək göndərilir.
Diyala və Səlah-əd-Din əyalətlərinin sərhədində zəif təhlükəsizlik tədbirləri səbəbindən bu rayon mütəmadi olaraq silahlıların hədəfinə çevrilir. İraq hökumətinin məlumatına görə, silahlı qruplaşmalar ötən il ərzində ölkədə pusqu, terror aktları, saxta nəzarət-buraxılış məntəqələri, adam oğurluğu və raket zərbələri da daxil olmaqla, 250-dən çox hücum həyata keçirib. Bu hücumlar nəticəsində 387 nəfər həlak olub, 500-dən çox insan isə yaralanıb.
2017-ci ilin sonunda İraq hakimiyyəti İŞİD üzərində qələbə qazandığını elan etsə də, ordu qüvvələri və təhlükəsizlik xidmətləri beynəlxalq koalisiyanın dəstəyi ilə silahlılara qarşı əməliyyatları davam etdirir.