QAN YADDAŞI


İraqın “Əl Zaman” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub

Qahirə, 22 yanvar, AZƏRTAC

İraqın “Əl Zaman” qəzetində “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun “Azərbaycanda Yanvar hadisələri və Misirdə 1919 inqilabının oxşar cəhətləri” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın törədilib. Bu qanlı hadisənin törədilməsindən əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.

Dünya ölkələrinin ikili standartlar mövqeyindən çıxış etməsindən yazan misirli alim qeyd edib: “Misirin hər guşəsində kəndlər yandırılır, insanlara qarşı soyqırımı törədilir və buna rəğmən, heç bir ölkə törədilən bu faciəni qınamır. Amma düşmənçilik edərək qətliam törədən ermənilərdən qisas almağa başlayanda, dərhal bizi qınayırlar”. Məqalədə Azərbaycana qarşı da ikili standartlardan çıxış edildiyi, ermənilərə dəstək verildiyi vurğulanır. Qeyd olunur ki, otuz il ərzində Qarabağda mədəni abidələrimizi dağıdan və məscidlərimizi təhqir edərək xarabalığa çevirən ermənilərə qarşı heç kim etiraz etmir.

Müəllif vurğulayır ki, 31 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan yüzlərlə insan xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə qətlə yetirilib. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar da olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.