CƏMİYYƏT
“İrəli” İctimai Birliyi “Azərbaycan İntellektual Birincisi” layihəsinin regional turnirlərinə başlayıb
Bakı, 11 noyabr, AZƏRTAC
“Azərbaycan İntellektual Birincisi” layihəsi ikinci ildir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılır. Layihə gənclərin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq “Azərbaycan İntellektual Birincisi” layihəsi həyata keçirilir.
“İrəli” İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Binəqədi, Yasamal, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Səbail, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının gənc intellektuallarının iştirakı ilə Bakı şəhəri turniri keçirilib. Turnirin nəticələrinə görə, “Xəmsə”, “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Nəsimi, “Axtar tap” intellektual oyununda Sabunçu, “Vətəni tanı” intellektual oyununda Nizami rayonunun gənc intellektualları qalib olublar.
Abşeron, Sumqayıt, Xızı şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Abşeron regional turnirində “Xəmsə”, “Vətəni tanı” intellektual oyunlarında Sumqayıt şəhərinin, “Nə? Harada? Nə zaman?”, “Axtar tap” intellektual oyunlarında Abşeron rayonunun gənc intellektualları qalib olublar.
Layihə çərçivəsində Quba, Şabran, Xaçmaz, Qusar, Siyəzən şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Quba üzrə regional turnir keçirilib. Turnirdən əvvəl “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq yarışlar üçün rəqabət qabiliyyəti yüksək səviyyədə olan gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.
Quba şəhərində keçirilən regional seçim turunda “Xəmsə” intellektual oyununda Şabran, “Nə? Harada? Nə zaman?” intellektual oyununda Siyəzən, “Axtar tap”, “Vətəni tanı” intellektual oyununda Quba rayonunun gənc intellektualları qalib olublar.