REGİONLAR
“İrəli” İctimai Birliyi Oğuzda “SAY: Volunteerinq Festival” layihəsinə start verib VİDEO
Oğuz, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
“İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə sentyabrın 28-də Oğuz rayonunda “SAY: Volunteerinq Festival” (Könüllülük festivalı) layihəsinə start verib.
Azərbaycanda könüllülüyün təbliği sahəsindəki fəaliyyətlərin davamı olaraq SAY hərəkatı çərçivəsində təşkil olunan düşərgədə 100-dən artıq gənc iştirak edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 28-də Oğuz şəhərindəki “AFRA” otelində layihənin açılış mərasimi keçirilib.
Tədbirdə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov layihə barədə məlumat verib. Bildirilib ki, təşkilat tərəfindən reallaşan SAY hərəkatı layihəsi çərçivəsində indiyədək Azərbaycanda keçirilən bir çox beynəlxalq tədbirlərdə könüllü komandası formalaşdırılıb və qrup rəhbərləri yetişdirilib. Diqqətə çatdırılıb ki, layihənin tərəfdaşlarından biri də Azərbaycanda 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunları Komitəsidir.
Bildirilib ki, layihənin məqsədi könüllülük təcrübəsi olan gənclərin bilik və bacarıqlarını daha da artırmaqdır. Proqrama uyğun olaraq layihədə iştirak edən gənclər üçün komanda quruculuğu, özünü təqdim etmə bacarıqları, tədbirlərin təşkili və digər mövzular üzrə xüsusi təlimlər keçiriləcək. Könüllülük festivalı zamanı gənclər müxtəlif əyləncəli proqramlarda iştirak edəcəklər.
Bundan əlavə, layihə müddətində Azərbaycan Səmti Müəyyən Etmə, Azərbaycan Atıcılıq, Azərbaycan Hava və Ekstremal İdman Növləri federasiyaları, “Fairex” klubu tərəfindən gənclər üçün bir sıra təlim-məşq tədbirləri keçiriləcək. Gənclər üçün, həmçinin könüllülük simuliyasiya oyunları, intellektual yarışlar təşkil ediləcək. Layihə zamanı xüsusi ekspertlərlə görüşlər də planlaşdırılır.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək respublikamızda geniş vüsət alan könüllülük hərəkatının əhəmiyyətindən danışıb, layihə iştirakçılarına uğurlar arzulayıblar.
Layihə müddətində iştirakçılar “Xarı bülbül”, “Kəpəz”, “Buta”, “Muğam”, “Nar”, “Alov”, “Qobustan” və “Xəzri” komandalarının tərkibində müxtəlif yarışlarda bilik və bacarıqlarını sınayacaqlar. Sonda qalib komandalar mükafatlandırılacaq.