CƏMİYYƏT
“İrəli” İctimai Birliyi “Rəqəmsal ay” layihəsinin icrasını başa çatdırıb
Bakı, 4 may, AZƏRTAC
"İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Rəqəmsal ay” (All Digital Month) layihəsinə yekun vurulub.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, gənclərin fərqli istiqamətlərdə maarifləndirilməsi, rəqəmsal marketinq üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onlayn resurslar haqqında məlumatlılığının artırılması, peşəkar təlimçilər tərəfindən keçiriləcək görüş və təlimlərdə iştirak edərək bu sahələr üzrə biliklərə yiyələnmələrini təmin etməkdir.
Pandemiya şəraitində aktiv və sosial həyat tərzindən uzaqlaşan gənclər üçün faydalı fürsətə çevrilən layihə çərçivəsində nəzərdə tutulan tədbirlər uğurla təşkil olunub. Belə ki, iştirakçılar beynəlxalq layihələrdə iştirak, xaricdə təhsil, media savadlılığı, CV və motivasiya məktublarının yazılması, rəqəmsal marketing, milli musiqi, startaplar, karyera seçimi, jest dili, hüquq kimi mövzularla bağlı müzakirələrdə, həmçinin yazıçılar və bəstəkarlarla onlayn görüşlərdə iştirak edərək onları maraqlandıran sualları cavablandırıblar.
Layihənin icrası müddətində - martın 25-dən aprelin 25-dək üç televiziya, bir radio verilişində iştirak təmin olunub, 48 mətbuat orqanında 58 xəbər işıqlandırılıb. Ümumilikdə layihəyə cəlb olunan 517 iştirakçı üçün 12 müxtəlif mövzuda 12 təlim keçirilib.
Ötən mövsüm uğurla həyata keçirilən layihədə 300-dan çox gənc iştirak edərək müxtəlif bilik və bacarıqlara yiyələnib.