CƏMİYYƏT


“İrəli” İctimai Birliyinin “SAY: Birlik” layihəsində 50-dək gənc iştirak edib

Bakı, 10 sentyabr, AZƏRTAC 

“İrəli” İctimai Birliyinin hər il ənənəvi olaraq icra etdiyi “Support of Azerbaijan Youth” (SAY, Azərbaycan gəncliyinə dəstək) hərəkatı çərçivəsində növbəti - “SAY: Birlik” layihəsi Quba rayonunda təşkil olunub.

Birlikdən AZƏRTAC-a bildiriblər ki, maarifləndirici layihənin praktiki sessiyasında komandaların təqdimatları keçirilib və bir neçə fərqli istiqamətlər üzrə yarışlar təşkil olunub.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov komanda formatında fəaliyyətin vacibliyini vurğulayaraq gənclərlə müzakirələrdə iştirak edib. Birliyin sədri deyib ki, dövlətimizin başçısı ölkə gənclərini daim dəstəkləyir, onlara ən yüksək səviyyədə diqqət və qayğı göstərir. Gənclərin milli ruhda, vətənpərvər, təhsilli və sağlam gənc kimi yetişmələri dövlət gənclər siyasətinin əsas məqsədidir. Gənc kadrların yüksək vəzifələrə təyin olunması, istedadlı gənclərimizin ölkəmizdə və xaricdə qazandıqları nailiyyətlər, Azərbaycanı uğurla təmsil etmələri məhz uğurlu dövlət gənclər siyasətinin bariz nümunəsidir.

Açıq hava şəraitində qurulan çadırlarda qalan iştirakçılara gənclərlə iş üzrə fəaliyyətin əhəmiyyəti, komanda işi və s. haqqında təlimlər keçirilib, effektiv komandanın səciyyəvi xüsusiyyətləri, inkişafı və birliyi, konstruktiv kommunikasiya barədə ətraflı məlumat verilib.

“İrəli” gənclərinin təşəbbüsü nəticəsində baş tutan “SAY: Birlik” layihəsi İctimai Birliyinin SAY hərəkatı çərçivəsində reallaşdırdığı sayca səkkizinci layihədir. Quba rayonunda həyata keçirilən layihədə 50-yə yaxın gənc iştirak edib. Azərbaycanın milli atributlarını əks etdirən altı komanda (“Alov”, “Muğam”, “Kəpəz”, “Nar”, “Qobustan” və “Xarı Bülbül”) layihə çərçivəsində təşkil olunan yarışlarda mübarizə aparıblar. Layihənin növbəti günlərində müxtəlif oyunlar keçirilib və əyləncəli proqramlar təşkil olunub.

“İrəli” İctimai Birliyinin SAY hərəkatı çərçivəsində daha əvvəl keçirdiyi “Könüllülük Akademiyası”, “Yaşıl”, “Multikulturalizm”, “Könüllülük festivalı”, “Həmrəylik”, “Ulduzlar” və “Cümhuriyyət” layihələrində ümumilikdə 500-dək gənc iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.