CƏMİYYƏT
“İrəli” İctimai Birliyinin VI hesabat-seçki konfransı keçiriləcək
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 25-də Nizami Kino Mərkəzində regionun ən böyük və peşəkar gənclər təşkilatlarından olan “İrəli” İctimai Birliyinin VI hesabat-seçki konfransı keçiriləcək. Bu il “İrəli” İctimai Birliyinin təşkilat kimi fəaliyyətinin 10, hərəkat kimi isə 15 ili tamam olur.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, hesabat-seçki konfransında İctimai Birliyin nizamnaməsinə uyğun olaraq, idarə heyətinin yeni tərkibinin və qurumun sədrinin seçilməsi nəzərdə tutulub. Konfransda, həmçinin İctimai Birliyin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurumların təmsilçiləri təltif olunacaqlar.
“İrəli” İctimai Birliyi 2003-cü il avqustun 26-da gənclər hərəkatı kimi fəaliyyətə başlayıb. Qurumun əsas məqsədi Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə töhfə vermək və gənclərin inkişafına nail olmaqdır. Beş ildən sonra İctimai Birlik gənclər hərəkatı kimi fəaliyyətini dayandırıb. Qurum 2008-ci il dekabrın 24-dən təşkilat kimi fəaliyyət göstərməyə başlayıb.
“İrəli” İctimai Birliyi yubileyini indiyədək olduğu kimi, əvvəlcə cəbhə bölgəsində hərbi qulluqçularla qeyd edəcək.