CƏMİYYƏT


“İrəli” gəncləri ulu öndər Heydər Əliyevin doğum gününü silsilə tədbirlərlə qeyd ediblər

Bakı, 10 may, AZƏRTAC

“İrəli” İctimai Birliyinin nümayəndələri və təşkilata üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Sonra Azərbaycan Dövlət İqtisad Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü “İrəli” İctimai Birliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, 200-ə yaxın “İrəli” gəncinin iştirakı ilə “Heydər Əliyev: Siyasi başçıdan milli liderə qədər” adlı konfrans keçirilib.

Konfransda ümummilli lider Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

AMEA-nın müxbir üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı Musa Qasımlı, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxışlarında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərində ölkəmizin rifahı və inkişafı naminə çalışdığını, Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər.

Tədbirdə Ümummilli Liderin gənclərə tövsiyələri, Ulu Öndər irsinin aşılanmasında gənclərin rolu haqqında ətraflı fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirlər planı çərçivəsində “İrəli” gənclərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası keçirilib. İştirakçılar Heydər Əliyev Muzeyini ziyarət edərək Ümummilli Liderin keçdiyi şərəfli və unudulmaz ömür yolu ilə bağlı maraqlı faktlar, foto və video materiallar, digər nadir eksponatlarla yaxından tanış olublar.

Qırx komanda üzrə ümumilikdə 200-dən çox gəncin iştirakı ilə təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual turniri çərçivəsində ümumi dünyagörüşü, tarix, ədəbiyyat, mədəniyyət və incəsənətlə yanaşı ümummilli lider Heydər Əliyevin hakimiyyət dövrü, onun həyata keçirdiyi genişmiqyaslı layihələri əhatə edən suallar verilib, qalib komandalar mükafatlandırılıb.

Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “İrəli” Media Mərkəzi tərəfindən “Ümummilli lider – 99” adlı qısametrajlı videoçarx hazırlanıb.

Birliyin bütün sosial şəbəkə platformalarında yayımlanan videoçarxın başlıca mesajı sənətindən, peşəsindən, yaşından, cinsindən asılı olmayaraq hər bir gəncin Ulu Öndərin bizlərə miras qoyduğu müstəqilliyi qoruyub saxlamasıdır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.