MƏDƏNİYYƏT
İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru Anadolu Aydınlar Ocağının mükafatı ilə təltif olunub
Ankara, 13 aprel, AZƏRTAC
Antalya şəhərində qardaş ölkədə fəaliyyət göstərən Türkiyənin Aydınlar Ocaqlarının 48-ci qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, qurultayın rəsmi hissəsində İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, şair-dramaturq İftixar Piriyevə Anadolu Aydınlar Ocağının medalı təltif olunub. Mükafat Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə, o cümlədən milli vətənpərvərlik mövzusunda əsərləri səhnələşdirdiyinə, həmçinin saxta “erməni məsələsi”ndən qaynaqlanan mövzularını tamaşalar əsasında dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə verilib.
Türkiyə Aydınlar Ocaqları Birliyinin sədri, professor Mustafa Erkal, Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztək və qurultayda Kərkük türklərini təmsil edən Yunis Bayatlı İrəvan Dövlət Azərbaycan Dram Teatrının məqsədyönlü fəaliyyəti barədə fikir və mülahizələrini bölüşüblər. Diqqətə çatdırılıb ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnələşdirdiyi əsərlər bütün türk dünyası üçün aktual və əhəmiyyətlidir.
Türk dünyasının birliyi və həmrəyliyi istiqamətində Azərbaycanda görülən işlər barədə geniş məlumat verən şair-dramaturq İftixar Piriyev Prezident İlham Əliyevin mədəniyyətin ayrı-ayrı sahələrinin, o cümlədən teatrlaşmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan həqiqətlərinin, eləcə də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin acı nəticələri, həmçinin Xocalı soyqırımı ilə bağlı gerçəklikləri dünya ictimaiyyətinə çatdırmaq İrəvan teatrının repertuarında daim qalacaqdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının məram və məqsədləri barədə iştirakçılara müfəssəl məlumat verən İftixar Piriyev vurğulayıb ki, dünyada sülhün və ədalətin qorunması Xocalı soyqırımının tanınmasından keçir.
Bütün çıxışlarda çağırış edilib ki, Aydınlar Ocaqları türk dünyasının problemləri ilə bağlı, o cümlədən Xocalı soyqırımının tanınması istiqamətində fəaliyyətini daha da canlandırsın.
Aprelin 14-dək işini davam etdirəcək qurultayda təşkilati məsələlərə baxılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara