ELM VƏ TƏHSİL


İrəvan Müəllimlər Seminariyası haqqında esse müsabiqəsinə yekun vurulub

İrəvan Müəllimlər Seminariyası haqqında esse müsabiqəsinə yekun vurulub

Bakı, 28 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) təşkilatçılığı ilə məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “XIX əsrdə regionda dünyəvi təhsil verən İrəvan Müəllimlər Seminariyasının müəllimləri və məzunları” mövzusunda keçirilən esse müsabiqəsinə yekun vurulub.

Bu barədə AZƏRTAC-a mərkəzdən məlumat verilib.

Elm və Təhsil Nazirliyinin İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı Tədbirlər Planına əsasən keçirilən müsabiqə uşaq və gəncləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara tarixən azərbaycanlıların yaşadığı İrəvan şəhərinin tarixi, mədəniyyəti və milli irsini öyrətmək, Azərbaycanda pedaqogika elminin yayılması və inkişafında bu seminariyanın müəllimlərinin və məzunlarının fəaliyyətini təbliğ etmək, həmçinin şagirdlərdə sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və onların ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirmək məqsədi daşıyıb.

Sentyabrın 25-dən noyabrın 26-dək keçirilən esse müsabiqəsində Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı şəhərində yerləşən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri iki yaş qrupunda (10-13 yaş və 14-17 yaş) iştirak ediblər. Əsərlər Azərbaycan, ingilis və rus dillərində qəbul edilib və 7 qalib seçilib.

10-13 yaş kateqoriyasında Azərbaycan dilində RUGİM üzvü Nuray Hüseynli birinci, 2 nömrəli UGİM üzvü Səma Abışova ikinci, 6 nömrəli UGİM üzvü Tamella Baxşəliyeva üçüncü yerə layiq görülüb. Həmçinin rus dili üzrə Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin üzvü Bənövşə Bağırova birinci, ingilis dili üzrə 7 nömrəli UGİM üzvü Abdulla Əhmədov üçüncü, 14-17 yaş kateqoriyasında isə Azərbaycan dili üzrə 1 nömrəli UGİM üzvü Şövkət Nəsirli birinci yerə, 3 nömrəli UGİM üzvü Rəqsanə Quliyeva üçüncü yerə layiq görülüb.

Qiymətləndirmə zamanı mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələri bilmə, şagirdin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması, çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması, yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi, yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına riayət etməklə tərtib olunması meyarları nəzərə alınıb.

Qaliblər diplomla, digər iştirakçılar isə sertifikatla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.