İrəvan Müəllimlər Seminariyasına həsr olunmuş elmi-praktik konfrans
AzerTAg.az
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş “Azərbaycan pedaqoji fikir tarixində İrəvan Müəllimlər Seminariyasının rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Filialın direktoru dosent Mobil Məcidov İrəvan Müəllimlər Seminariyasının əzəli türk torpaqları olan İrəvan xanlığı ərazisində maarifçiliyin inkişafında əvəzsiz xidmətlərindən danışıb. Direktor bu təhsil ocağının tarixi varlığını çar Rusiyası dövründə İrəvan quberniyası ərazisində Azərbaycan türklərinin mədəni irsinin mövcudluğunu təsdiqləyən fakt kimi dəyərləndirib.
Sonra seminariyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Konfransda “Azərbaycan pedaqoji fikir tarixində İrəvan Müəllimlər Seminariyasının rolu”, “İrəvan Müəllimlər Seminariyasının Azərbaycanlı müəllim və məzunları”, “Azərbaycanlı müəllim kadrlarının hazırlanmasında İrəvan Müəllimlər Seminariyasının rolu”, “İrəvan Müəllimlər Seminariyasinın Cənubi Qafqazda maarifçiliyin inkişafında rolu”, “İrəvan pedaqoji mühiti” və “XIX əsrin sonu – XX əsrin əvvəllərində İrəvanda kitab nəşri, məktəbdarlıq və tanınmış Azərbaycan ziyalıları” mövzusunda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Konfransın sonunda “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” kitabı təqdim olunub.



Xəbərin mətnində orfoqrafik səhv var