ELM VƏ TƏHSİL
“İrəvanda ictimai-siyasi və mədəni mühit” kitabı nəşr olunub
Bakı, 17 dekabr, AZƏRTAC
Filologiya üzrə elmlər doktoru, professor Cəfər Cəfərovun və filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin həmmüəllifi olduqları “İrəvanda ictimai-siyasi və mədəni mühit” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan İrəvan şəhərində 1920-1988-ci illərdə Azərbaycanın ictimai-siyasi və mədəni mühitindən bəhs edən bu dəyərli və sanballı nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovdur. Kitaba filologiya elmləri doktorları, professorlar - Hüseyn Həşimli və Mahirə Nağı qızı, dosent Əziz Ələkbərli rəy veriblər.
Nəşrdə İrəvanda Azərbaycan ictimai-siyasi və mədəni mühitin formalaşmasında və inkişafında böyük rol oynamış, milli kadrların hazırlanmasında böyük fədakarlıq göstərmiş, möhkəm iradə nümayiş etdirmiş qeyrətli ziyalılarımızın fəaliyyətindən, ermənilərin əhatəsində Azərbaycan türklərinin üzləşdiyi problemlərdən, maarif və təhsil məsələlərindən, Azərbaycan ədəbi həyatından və teatrından söhbət açılır.
Kitabdan Azərbaycanın təhsil tarixi ilə maraqlananlar, magistrlər, tədqiqatçılar və geniş oxucu kütləsi istifadə edə bilər.