ELM VƏ TƏHSİL
“İrəvanda milli maarifçilik mühiti” kitabı təhsilimiz üçün layiqli töhfədir
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) filologiya elmləri doktoru, professor Cəfər Cəfərov və filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin həmmüəllifi olduqları “İrəvanda milli maarifçilik mühiti” kitabının təqdimatı olub.
Kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafa, rəyçilər pedaqogika elmləri doktorları, professorlar Əjdər Ağayev, Rüfət Hüseynzadə, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı, pedaqogika elmləri doktoru Həsən Bayramoğludur.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov elmi-tarixi faktlara əsaslanan bu kitabın maarifpərvər ziyalılarımızın həyat və fəaliyyətinin öyrənilməsi, tədqiq edilməsi üçün əhəmiyyətli mənbə olduğunu deyib. O, İrəvan maarifçilik mühitinin təmsilçilərinin xalqımızın mənəvi təkamülündə, ölkəmizin mədəni inkişafında sanballı xidmətlər göstərdiyini diqqətə çatdırıb.
Professor B.Xəlilov bildirib ki, “İrəvanda milli maarifçilik mühiti” kitabı təhsil tariximizin ardıcıl tədqiqi baxımından böyük önəm daşıyır və təhsilimiz üçün layiqli töhfədir. İrəvan təhsil mühiti Azərbaycan təhsilinin bir parçasıdır. Bu baxımdan “İrəvanda milli maarifçilik mühiti” kitabı yeni axtarışlara, araşdırmalara, elmi-tədqiqatlara istiqamət verir. İrəvan təhsil mühitinin yetirmələrinin bir çoxu ADPU-da çalışaraq universitetimizin inkişafında mühüm rol oynayıblar.
Professor R.Hüseynzadə, Bakı Dövlət Universitetinin professorları Əyyub Əzizov, Cəlil Nağıyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev və başqaları hərtərəfli elmi araşdırmalar, böyük əmək, fədakarlıq, milli təəssübkeşlik, vətənpərvərlik sayəsində ərsəyə gələn “İrəvanda milli maarifçilik mühiti” kitabını yüksək dəyərləndirib, müəlliflərə uğurlar arzulayıblar.
Qeyd edilib ki, yeni nəşr Azərbaycanın təhsil tarixi ilə maraqlananlar, magistrlər, tədqiqatçılar, geniş oxucu kütləsi üçün dəyərli mənbədir.
Kitabın müəllifləri tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.