ELM VƏ TƏHSİL


İrəvanın Təpəbaşı məhəlləsinin ərazisi müəyyən edilərək mövcud abidələrin bazası yaradılıb

Bakı, 5 iyul, AZƏRTAC

Biz coğrafi informasiya sistemlərindən istifadə etdik və İrəvanın virtual mühitini yaratdıq. Müəyyən edildi ki, Təpəbaşı İrəvanın ən böyük yerlərindən biri olub.

AZƏRTAC xəbər verir ki, bunu araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi" üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitabın təqdimatı zamanı söyləyib.

Qeyd edilib ki, araşdırma çərçivəsində İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə yüz il əvvəl başlanmış və hələ də davam edən Azərbaycan irsinin sistemli dağıdılması prosesi, Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatlar əldə olunub.

Səbuhi Hüseynov materialların hazırlanmasında Azərbaycan Respublikasının Milli Arxivində, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində, Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının Nadir Əlyazmalar Kolleksiyasında, Türkiyə Respublikasındakı Osmanlı Arxivində, Rusiya Federasiyasının Dövlət Arxivində saxlanılan sənədlərdən istifadə olunduğunu və üçüncü dövlətlərin arxivlərində saxlanılan Ermənistan Arxivindən götürülmüş mikrofilmlərin tədqiqata cəlb edildiyini bildirib. O, həmçinin mövzunun araşdırılmasında ilk dəfə Coğrafi İnformasiya Sistemi mühitində günümüzə qədər məlum olan hərbi topoqrafik xəritələr və şəhər planlarının inteqrasiya edilməsi sayəsində tarixi şəhər landşaftının müəyyən edildiyini, məkana bağlı müxtəlif təhlillərin aparıldığını, vaxtilə İrəvanın Təpəbaşı hissəsində mövcud olmuş memarlıq abidələrinin dəqiq koordinatları müəyyən edilməklə onların məhv edilmə dövrlərinin dəqiqləşdirildiyini bildirib. Hazırda İrəvan şəhərinin Təpəbaşı hissəsindən yalnız Təpəbaşı məhəlləsinin ərazisi müəyyən edilərək, mövcud abidələrin bazası yaradılıb. Məlum olub ki, burada 300-dən çox yaşayış evi mövcuddur.

Qeyd edək ki, araşdırma nəticəsində əldə edilmiş materiallardan ibarət kitab ərsəyə gəlib. Kitab Azərbaycanın milli-mədəni və tarixi irsinin qorunması və beynəlxalq səviyyədə təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə mühüm töhfə verəcək.

Kitabda Təpəbaşı məhəlləsinin və orada dağılmaq üzrə olan son abidələrin Azərbaycan xalqına məxsusluğunu sübut edən arxiv sənədləri də dərc edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.