İDMAN
İrina Rodnina Permdə MDB ölkələrinin məktəb idmanı festivalını açıq elan edib
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 4-də - Xalq Birliyi Günündə Permdə VI Beynəlxalq MDB ölkələrinin məktəb idmanı festivalı başlanıb. Festivalı məşhur fiqurlu konkisürən, üçqat Olimpiya çempionu İrina Rodnina açıb.
AZƏRTAC xəbər verir ki, “Uşaq idmanı” federal layihəsi çərçivəsində keçirilən yarışlar noyabrın 8-dək davam edəcək.
Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin müavini və “Uşaq idmanı” layihəsinin kuratoru İrina Rodnina Permdə mətbuat konfransı keçirib. Üçqat Olimpiya çempionu bu festival haqqında, Rusiyada gənclər idmanının inkişafı və bu istiqamətdə digər dövlətlərlə tərəfdaşlıq münasibətləri barədə məlumat verərək vurğulayıb: “Beynəlxalq məktəb idmanı festivalının uşaqlar üçün əsas nəticəsi kuboklar və medallar qazanmaq deyil, yeni dostlar qazanmaq, xoş təəssüratlar və xatirələrdir”.
İrina Rodnina daha sonra deyib: “Əlamətdar haldır ki, bu festivalın açılışı Rusiyada Xalq Birliyi Günü ilə eyni vaxtda düşüb. İdman həqiqətən müxtəlif ölkələrin xalqlarını birləşdirir. Bizim festival buna daha bir sübutdur”.
VI Beynəlxalq MDB ölkələrinin məktəb idmanı festivalında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan gənclərindən ibarət yığma komandalar iştirak edir.
Yarışlar idmanın 7 növü üzrə keçirilir: basketbol, basketbol 3x3, voleybol, mini-futbol, badminton, stolüstü tennis və şahmat.