SİYASƏT


İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim VİDEO

Moskva, 22 noyabr, AZƏRTAC 

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti, Rusiyanın Əməkdar bədən tərbiyəsi işçisi, bədii gimnastika üzrə tanınmış məşqçi İrina Viner-Usmanova Azərbaycan jurnalistlərinə müsahibəsində Gimnastika Mərkəzini ziyarət edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözlədiyini deyib.

İrina Viner-Usmanova qeyd edib: “Düzünü desəm, çox həyəcanlı idim, çünki bu Sarayın eklektikası çox rəngarəngdir. Mehriban xanımın təşəbbüsü ilə Bakıda möhtəşəm Gimnastika Arenası tikildikdən sonra çox istəyirdim ki, mənim də bu cür arenam olsun. Mənim arzularım daha böyük dərəcədə yerinə yetdi, çünki Mehriban xanım buraya gəldi və bizim Sarayla tanış oldu”.

İki ölkənin gimnastika məktəbləri arasında sıx əməkdaşlıqdan bəhs edən İrina Viner-Usmanova deyib: “Azərbaycanda bədii gimnastikanın çox böyük tarixi var. Vaxtilə orada tanınmış gimnastlar olub. Mehriban xanım bu ənənələri dirçəltmək qərarına gəldi və bunu necə etmək barədə məsləhətləşmək üçün məni dəvət etdi. Biz birlikdə çalışmağa başladıq və Azərbaycan millisi dünya çempionatlarında komanda hesabında üç il fəxri kürsüdə yer tutdu. Çox güclü gimnastlar yetişdi. Aliyə Qarayeva London Olimpiya Oyunlarında dördüncü yeri tutdu, Azərbaycan komandası ilk dəfə qrup hərəkətlərində Olimpiya Oyunlarına vəsiqə qazandı. Deməliyəm ki, Azərbaycanda gimnastika üçün yaradılan şərait öz bəhrələrini verir”.

Rusiya və Azərbaycan arasında münasibətlərdən danışan İrina Viner-Usmanova vurğulayıb ki, ölkələrimizin dostluğunun qədim tarixi var. Əfsanəvi məşqçi deyib: “Heydər Əliyev böyük şəxsiyyət idi, Azərbaycan və Rusiya arasında münasibətlərin zəruriliyini bilir, qəbul edir və inkişaf etdirirdi. Hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu siyasəti davam etdirirlər. Mən bilirəm ki, Vladimir Vladimiroviç Putin də Azərbaycanı çox sevir və onunla dostluğu qiymətləndirir. Bizim çox gözəl ikitərəfli münasibətlərimiz var. Mehriban Əliyeva rus mədəniyyətinə bələd olan və onu bilən yüksək təhsilli, yüksək mədəniyyətə malik ziyalı insandır. O, Rusiya ilə ikitərəfli münasibətlərdə böyük rol oynayır. Onun “Dostluq” ordeni ilə təltif edilməsi təkcə Azərbaycan üçün deyil, həm də Rusiya üçün böyük şərəfdir. Qeyd etməliyəm ki, bu il mənə də Azərbaycanın “Dostluq” ordeni verilib və mən buna görə son dərəcə şadam. Bu, bütün Rusiya mətbuatında işıqlandırılıb. Mənim həyat yoldaşım həmin vaxt Özbəkistanın eyni dərəcəli ordenini alıb. Necə deyərlər, ana uşağı dünyaya gətirən deyil, onu tərbiyə edəndir. Özbəkistandan söz düşmüşkən deyə bilərəm ki, məni məhz bu ölkə yetişdirib. Azərbaycan və Özbəkistan isə eyni türk xalqları qrupuna məxsusdurlar. Bu yaxınlarda Azərbaycanda möhtəşəm təşkil edilmiş Dünya çempionatında olduq.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.