DÜNYA


İrlandiya Mülki Aviasiya İdarəsi uçan naməlum obyektlərlə bağlı araşdırma aparır

Bakı, 14 noyabr, AZƏRTAC

İrlandiya Mülki Aviasiya İdarəsi “British Airways” və “Virgin Airways” şirkətlərinə məxsus təyyarələrin pilotlarının ölkənin cənub-qərb bölgəsində səmada gördüklərini iddia etdikləri parlaq işıqları olan uçan naməlum obyektlərlə (UNO) bağlı araşdırma aparır.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “British Airways”in adı açıqlanmayan pilotu noyabrın 9-da Şannon aeroportunun dispetçer qülləsi ilə əlaqə yaradaraq bölgədə hərbi təlimlərin olub olmadığını soruşub. O, idarə etdiyi təyyarənin yanından parlaq işıqları olan obyektlərin sürətlə keçdiyini və şimala doğru uçduqlarını bildirib. Pilota həmin bölgədə hər hansı hərbi təlimin olmadığı cavabını veriblər.

Daha sonra danışığa müdaxilə edən “Virgin Airways”in pilotu da bu obyektlərin meteor, yaxud Yerin atmosferinə daxil olan bir göy cisimləri ola biləcəyini söyləyib. Pilot əlavə edib ki, obyektlər səs sürətindən iki dəfə iti uçurdu.

Bu hadisə ilə bağlı İrlandiya Mülki Aviasiya İdarəsinin bəyanatında bildirilir ki, hər iki pilotun səmada gördükləri qeyri-adi obyektlər haqqında araşdırma aparılır və müvafiq hesabat hazırlanır. İdarədən bu araşdırmanın məxfilik prinsiplərinə uyğun aparıldığı da qeyd olunub. Eyni zamanda, Şannon aeroportunun mətbuat katibi həmin obyektlərdə yadplanetlilərin olması ehtimalını istisna edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.