ELM VƏ TƏHSİL
İrpendə akademik Zərifə Əliyeva adına orta məktəbin xarici dillər bölməsinin yaranmasının 23 illiyi qeyd edilib
İrpen, 4 dekabr, AZƏRTAC
Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəbin nəzdindəki xarici dillər bölməsinin yaranmasının 23 illiyi təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə xarici diplomatik nümayəndəliklərin Ukraynadakı təmsilçiləri, ölkənin Təhsil Nazirliyinin nümayəndələri, pedaqoqlar və KİV təmsilçiləri iştirak ediblər.
Orta məktəbin direktoru Valentina Antonenko tədbir iştirakçılarını salamlayaraq bildirib ki, məktəbin xarici dillər bölməsində 10-a yaxın dil tədris olunur. “Məqsədimiz məktəbdə tədris olunan xarici dillərin sayını artırmaq, bununla da, xarici ölkələrin mədəniyyətini Ukraynada, Ukraynanın mədəniyyətini isə xarici ölkələrdə tanıtmaqdır”, - deyə məktəbin direktoru bildirib.
Sonra məktəbin şagirdləri diplomatları təmsil etdikləri ölkələrin dillərində, o cümlədən Azərbaycan dilində salamlayıblar. Xarici ölkələrin diplomatları səhnəyə çıxaraq təbriklərini çatdırıblar. Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov çıxışında bu məktəbin ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirilib ki, məktəblə sıx əməkdaşlıq qurulub, birgə layihələr həyata keçirilir. Məktəbin inkişafı üçün Azərbaycan tərəfi öz köməyini göstərməkdə davam edir.
Tədbirdə akademik Zərifə Əliyeva haqqında geniş məlumat verilib, onun xatirəsi anılıb. Qeyd edilib ki, Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım Əliyeva əsl ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrilib. Zərifə Əliyeva görkəmli alim olmaqla yanaşı, dünya şöhrətli siyasi xadim, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin ömür-gün yoldaşı, İlham Əliyev kimi mütərəqqi bir dövlət başçısının anası olub. Qürurverici haldır ki, belə bir dəyərli şəxsiyyətin xatirəsi Azərbaycan ilə yanaşı, Ukraynada da böyük ehtiramla yad olunur.
Bayram tədbiri geniş konsert proqramı ilə davam etdirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen