ELM VƏ TƏHSİL


İş imkanlarının yüksək olduğu peşə - tornaçı

Bakı, 8 fevral, AZƏRTAC

Hazırda istehsalat müəssisələrində köhnəlmiş dəzgahlardan tutmuş müasir proqramlaşdırıla bilən komplekslərə qədər müxtəlif çeşidli avadanlıqlar quraşdırılır və istismar edilir. Bütün bu avadanlıqların saxlanması, tənzimlənməsi və tənzimlənməsi ayrıca məsuliyyətdir. Müəssisənin tam istehsal kompleksi avadanlıqların keyfiyyətindən və mütəxəssisin bacarığından asılıdır. Bu məsuliyyəti daşıyanlar isə torna frezer peşəsinin nümayəndələridir. Tornaçı səlahiyyətləri daxilində və müəyyən edilmiş vəzifə təlimatlarına uyğun olaraq torna dəzgahlarının işini təşkil edir. O, alət və vasitələri, torna dəzgahlarını istismara verən şəxsdir.

AZƏRTAC-ın əməkdaşı torna və frezer dəzgahlarının operatoru peşəsinin tədris olunduğu Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub.

Mərkəzdə bu peşə 2018-ci ildən bəri birillik qruplarda, 2021-ci ildən isə dördillik qruplarda tədris olunur. İxtisas birillik qruplarda torna frezer dəzgahının operatoru, dördillik qruplarda isə sənaye avadanlıqlarının texniki istismarı adlanır.

Metodist təlimçi Mustafa İsayev deyir ki, birillikdə oxuyanlar peşə təhsili alsalar da, onlardan fərqli olaraq dördillik qruplarda oxuyanlar subbakalavr dərəcəsi olanlardır. Hazırda bu ixtisasda birillik və dördillik olmaqla 4 qrup, ümumilikdə 60 tələbə var: “Burada tələbələrimizə həm manual, həm də CNC mexaniki metal emal dəzgahlarını – torna frezer, pardaqlama və digər dəzgahların operatorluğu tədris olunur. Birillik proqramda, sadəcə, dəzgahların idarə olunması öyrədilir. Amma dördillikdə həm manual, həm CNC dəzgahların idarə olunması, CNC dəzgahlar üçün proqramların yazılması öyrədilir. Gələcəkdə dəzgahlara texniki qulluq, istismarının tədrisi də planlaşdırılır. Dördillik qrupda oxuyan tələbələr dəzgah operatoru olaraq başlayıb, gələcəkdə usta, sex rəisi, proqramçı olaraq çalışa bilər. Deyə bilərik ki, dördillikdə subbakalavr dərəcəsində mühəndis yetişdiririk”.

Metodistin sözlərinə görə, tələbələrin əksəriyyətinin ailəsində, yaxınlarında bu işlə məşğul olanlar, işdən xəbərdar olanlar var: “Bəzi tələbələr dərsdən sonra yaxınlarının yanında, bəziləri isə bizimlə dərsdən qalıb əlavə təcrübə toplayırlar. Bu, tələbə ilə yanaşı, bizim üçün də üstünlükdür. Yay tətilində dördillik qruplar üçün qısa müddətli kurs təşkil etdik, manual dəzgahlarda iş prinsipini öyrətdik. Birillik qruplardan biri dual təhsil qrupudur. Bu qrup mexaniki emalla məşğul olan müəssisələrlə birlikdə idarə olunur. Onlar birinci semestrdə həftənin 2 gününü zavoda, 3 gününü dərsə, ikinci semestrdə 3 gününü zavoda, 2 gününü mərkəzə gəlirlər. Burada məqsəd zavodun özünü doğruldan tələbələri işlə təmin etməsidir. Eyni zamanda, ayrı-ayrı sahibkarlar işçi üçün müraciət edirlər. Tələbələrin CV-lərini onlara yönləndiririk. Ötən il 5 tələbəmiz “AzerGold” QSC-də tələbə proqramında təqaüdlə dərslərdə iştirak etdilər, işlə təmin olundular. Həmçinin pul müqabilində müxtəlif firmalardan sifarişlər alırıq. Burada olan CNC dəzgahlar hər yerdə yoxdur. Kiməsə az sayda detal lazım olanda rahatlıqla müraciət edə bilirlər, fərdi sifarişlər hazırlanır. Pulun da müəyyən hissəsi mərkəzin büdcəsinə köçürülür”.

34 yaşlı tələbə Şahin Cəlilov bu peşədə iş imkanlarının çox olduğu üçün mərkəzə təhsil almağa gəlib. O, gecə işləyir, gündüz dərslərdə iştirak edir: “İxtisas barədə internetdə araşdırma apardım, sonra sənədləri təqdim etdim. Hazırda qazanxana operatoru işləyirəm. Axşam saat 8-dən səhər 8-ə qədər gecə növbəsində işləyirəm. İşdən çıxıb dərsə gəlirəm. Gündəlik qrafikim çətin olsa da, əziyyət çəkməlisən ki, bəhrəsini görəsən. Buranı bitirdikdən sonra müəyyən zavodlara CV təqdim etməyi planlaşdırıram. Bu sahəyə tələbat çoxdur”.

36 yaşlı Cavid Əkbərov isə tələbə yoldaşlarından fərqli olaraq ali təhsillidir. Mərkəzə gəlməkdə məqsədi ölkəmizdə müdafiə sənayesinə töhfə verməkdir: “Azərbaycan Texniki Universitetinin Mühəndis biznesi və menecmenti fakültəsində idarəetmə ixtisasını bitirmişəm. İxtisasla bağlı sosial şəbəkədən məlumat aldım, sonra bura üz tutdum. “Soildworks”, “autocad” proqramlarında 3D modellər hazırlayıram. O modelləri real həyatda ərsəyə gətirmək üçün bu sahəni seçdim. Burada təhsilimi bitirdikdən sonra Sumqayıt Texnologiyalar Parkına üz tutmağı planlaşdırıram”.

Bu peşəni seçənlər arasında qızlar da var. Dördillik qrupda təhsil alan Səkinə Əhmədova deyir: “Burada keçirilən dərslərdən razıyam. İlk gəldiyim ərəfədə ixtisas barədə məlumatsız olsam da, praktiki dərslər zamanı bu sahəyə olan marağım daha da artdı”.

Qeyd edək ki, oynaq xəstəliklərinə meyilli, görmə və tənəffüs yollarında problemləri olan insanlar üçün CNC maşınlarında işləmək tövsiyə edilmir. Bir peşəyə yiyələnmək üçün təcrübə toplamaq vaxt aparacaq, çünki heç kim dərhal mütəxəssisə çevrilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.