İDMAN
İsa Atayev: Çalışmalarımız plan üzrə davam edir
Bakı, 27 yanvar, AZƏRTAC
Təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisi məşqlərini gündə 2 dəfə olmaqla Bakı İdman Sarayında həyata keçirir. Karyerasını ölkə xaricində davam etdirən futzalçılar artıq komandaya qoşulublar. Yalnız İsa Atayev fərdi çalışmalarla kifayətlənir. Futzalçı tezliklə komandaya qoşulacağını, oyuna hazır olacağını bildirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının saytına açıqlama verən hücumçu zədəsi ilə bağlı deyib: “Zədə üzündən fərdi qaydada məşq edirəm. İki gündən sonra komanda ilə birgə çalışmalara qoşulacağam. Həkim oyunadək tam hazır olacağımı deyib. Özüm də bu qarşılaşmalarda meydana çıxmağı, komandama kömək etməyi çox istəyirəm”.
Hazırlıqla bağlı da danışan təcrübəli futzalçı vaxt azlığının və ilk gündən tam heyətlə məşq etməməyin çətinlik yaradacağını qabardıb: “Baş məşqçi də artıq komandanın yanındadır. Plan üzrə çalışmalarımız davam edir. Əlbəttə, tam formaya düşmək, oyuna istədiyimiz kimi hazır olmaq üçün vaxtımız azdır. İndi yaradılmış imkandan mümkün qədər istifadə edirik.
Rəqibləri də dəyərləndirən 32 yaşlı hücumçu millimizin qrupu lider kimi başa vuracağına şübhə etmir: “Qrup mərhələsinə Slovakiya ilə duellə start verəcəyik. Reytinq cədvəlinə uyğun fikir bildirsək, favorit Azərbaycan millisidir. Slovakiya bu yolda əsas rəqibimizdir. Moldovanı da kiçiltmək olmaz. Yunanıstana gəldikdə, bu komanda ilkin mərhələdən mübarizəyə başlayıb və pley-off-da Türkiyə millisini səfərdə vurduğu qolların yaratdığı üstünlük sayəsində mübarizədən kənarlaşdırıb. Onlar nə Slovakiyadır, nə də Moldova. Təbii ki, məqsədimiz final mərhələsinə yüksəlməkdir. Bunun üçün də yaxşı start götürməliyik. Slovakiya ilə son 2 ildə 2 dəfə qarşılaşmışıq. Çətin rəqibdir, amma udmaq mümkündür. Məncə, qrup mərhələsini lider kimi başa vuracağıq və məqsədə çatacağıq”.
İ.Atayev yeni format haqda da danışıb: “İlk dəfə qrup mərhələsi ev-səfər sistemi ilə keçiriləcək. Bu format daha maraqlı olacaq. Çünki hər bir rəqiblə iki oyun keçirəcəksən. Təəssüf ki, pandemiya ilə əlaqədar oyunlar azarkeşsiz keçirilir. Ancaq gələcəkdə bu sistem azarkeşlər üçün də maraqlı olacaq. Artıq hər kəs millini doğma meydanda da izləmək imkanı qazanacaq”.
Qeyd edək ki, Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da millimiz Slovakiya yığmasını Bakı İdman Sarayında qəbul edəcək. Görüş saat 18:00-da start götürəcək. Fevralın 2-də isə futzalçılarımız Yunanıstan seçməsinin qonağı olacaqlar. Matç Afinadakı “Daiss Sports Hall”da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.