REGİONLAR
İşçi qrupunun rəhbəri: Ermənistanın təcavüzü nəticəsində Bərdə rayonunda 180 evə ziyan dəyib
Bərdə, 23 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə xeyli ziyan dəyib.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, digər cəbhəyanı rayonlar kimi, Bərdədə də Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi işləri həyata keçirilir.
Bərdə rayonu üzrə işçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elçin İbrahimov bildirib ki, artıq Bərdə şəhərində və rayonun altı kəndində ziyan dəymiş 180 fərdi evə və çoxmənzilli binaya baxış keçirilib. Dəymiş ziyan qeydiyyata alınıb, vətəndaşların iştirakı ilə aktlar tərtib edilib. Fərdi ev və mənzillərdən 162-nin təmirə, 11-nin bərpaya ehtiyacı var, 7 ev qəzalı vəziyyətdədir.
Bərdə rayonunun artilleriya atəşinə tutulması nəticəsində vətəndaşlara məxsus evlərlə yanaşı, 50-dən artıq müxtəlif ticarət, iaşə və digər obyektə, 70-dən çox nəqliyyat vasitəsinə, 5 sosial obyektə də ziyan dəyib. Hazırda bu obyektlərin və nəqliyyat vasitələrinin qeydiyyata alınması həyata keçirilir.
Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Ermənistan silahlı qüvvələrinin zərər vurduğu şəhər və rayonlara ezam olunublar.