CƏMİYYƏT
İşdən qeyri-qanuni azad edilən 38 işçi əvvəlki işlərinə bərpa etdirilib
Bakı, 16 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2022-ci ilin ötən dövrü ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı 38 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyənləşdirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar və onlarla əlaqədar yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.
Həmçinin işəgötürənlər tərəfindən 332 min manata yaxın məbləğdə sosial ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.
Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Ödənilən vəsaitin 99 faizi əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar olub.
Bu ilin yanvar-aprel ayları ərzində Xidmətin vəzifəli şəxsləri tərəfindən 3 min 552 vətəndaş fərdi qaydada qəbul edilib. Vətəndaşlardan daxil olmuş 3 min 924 ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 2 min 404 məktub araşdırılaraq cavablandırılıb.