ELM VƏ TƏHSİL
İşə qəbul üzrə növbəti müsabiqə elan edilib
Bakı, 13 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, bu vəzifələr üzrə işə qəbul olunmaq istəyənlər noyabrın 13-dən http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. On gün davam edəcək qeydiyyat prosesi noyabrın 23-də saat 14.00-da başa çatacaq.
Müvafiq qaydada qeydiyyatdan keçənlər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət olunacaqlar.
Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.