CƏMİYYƏT
İşəgötürənlər arasında maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 11 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı işəgötürənlərin ətraflı məlumatlandırılması məqsədi ilə Bakının Nəsimi rayonunda “Məcburi əmək və insan alverinin qarşısının alınması” və “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması ”mövzularında seminar keçirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işəgötürənlərin nümayəndələrinin də iştirak etdikləri seminarda kimisə zorla əmək müqaviləsi bağlamağa məcbur etməyin qanuna zidd olduğu bildirilib. Qeyd olunub ki, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunması qanunla qadağandır. Hər hansı şəxsin məcburi əməyə cəlb edilməsinə görə təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunur.
Tədbirdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub. Qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu diqqətə çatdırılıb. Nəqliyyat sahəsində fəaliyyət göstərən işəgötürənlərin də həmin məsələyə daim məsuliyyətlə yanaşmaları, onların qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınmasında fəal iştirak etməsinin vacibliyi vurğulanıb.
İşəgötürənlərin sualları cavablandırılıb, onlara müvafiq mövzuları əhatə edən maarifləndirici çap materialları təqdim edilib.