REGİONLAR
İşəgötürənlər ilə peşə təhsili müəssisələri arasında əməkdaşlıq günün tələbidir VİDEO
Qəbələdə peşə təhsili müəssisələri və işəgötürənlərlə birgə əməkdaşlığa dair konfrans keçirilib
Qəbələ, 6 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Dekabrın 6-da Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələri və işəgötürənlərlə birgə əməkdaşlığa dair konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın məqsədi dövlət-özəl əməkdaşlığı çərçivəsində işəgötürənlərin peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb edilməsi və bu prosesin təşviq olunmasıdır.
Əvvəlcə konfransda ölkəmizdə peşə təhsili sahəsində aparılan islahatlara dair videoçarx nümayiş etdirilib.
Tədbiri Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq, rayonun sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında özəl sektorun inkişafının Azərbaycan iqtisadiyyatının prioritetlərindən olduğunu, dövlətin iqtisadi siyasətində sahibkarlığın inkişafının əhəmiyyətini diqqətə çatdırıb, yaradılan iş yerlərinin səriştəli işçi qüvvəsi ilə təminatının vacibliyini vurğulayıb.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlər peşə təhsili sisteminə cəlb edilməli, kadr hazırlığı işəgötürənlərin tələblərinə uyğun aparılmalı və təhsildə dövlət-özəl tərəfdaşlığı sistemi həyata keçirilməlidir. İqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən işəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə əməkdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayan Famil Mustafayev ixtisaslı və səriştəli kadrların hazırlanmasının bu prosesə mühüm töhfə verəcəyini qeyd edib.
Tədbirdə Avropa İttifaqının Bakı ofisi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, BP, British Council və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), həmçinin iri sahibkarlıq subyektlərinin nümayəndələri, yerli iş adamları çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildiriblər.
Konfransda peşə təhsili müəssisələri ilə dövlət-özəl əməkdaşlığı çərçivəsində işəgötürənlərin maraq və öhdəliklərinin müəyyənləşdirilməsi məqsədilə sahibkarlar arasında sorğu keçirilib.
Tədbir iştirakçıları, həmin gün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə də tanış olublar.