REGİONLAR
İsfar Sarabski: Qəbələ festivalı gənc musiqiçilərə istedadlarını nümayiş etdirmək üçün gözəl imkandır
Qəbələ, 30 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Düşünürəm ki, Qəbələdə, bu yaşıl meşəli dağlar arasındakı mənzərəli yerdə, təbiət qoynunda beynəlxalq musiqi festivalının keçirilməsi mükəmməl ideyadır. Burada olmağımdan şərəf hissi duyuram. Dinləyici auditoriyasında müxtəlif yaşda insanların olması çox gözəldir. Konsertdə həm gənc, həm də yaşlı nəslin nümayəndələri arasında klassik musiqiyə böyük maraq olduğunu müşahidə etdim.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələ festivalında Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin çıxışını müşayiət edən tanınmış pianoçu, Əməkdar Artist İsfar Sarabski deyib.
O, Qəbələ festivalının gənc musiqiçilərə istedadlarını nümayiş etdirmək üçün gözəl imkan olduğunu bildirib.
“Burada gənclər dünyanın tanınmış musiqiçiləri ilə eyni səhnəni bölüşürlər. Bu festival Azərbaycan musiqisinin inkişafı üçün böyük əhəmiyyətə malikdir” – deyə o əlavə edib.