MƏDƏNİYYƏT
İşğal altında olan mədəni-tarixi abidələrimizin dağıdılması yolverilməzdir
Bakı, 30 avqust, Zərəngiz Mansurova, AZƏRTAC
Avqustun 30-da Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin təşəbbüsü ilə “Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsinin gedişi barədə hesabat” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, ictimai birliyin şöbə müdiri Səbinə Novruzzadə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbirin məqsədindən danışıb.
Bildirib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüquqlarını tətbiq etməsi faktiki olaraq Azərbaycanın öz mədəni dəyərləri üzərindəki hüquqlarından zorakı surətdə təcrid edildiyini göstərir. Atəşkəs dövründə Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasət nəticəsində 10 mindən çox tarixi yer adları, daşınmaz tarix və mədəniyyət abidələrinin adları, yüzlərlə toponimlər erməni adları ilə əvəz edilib. Məscid və müqəddəs yerlərin, məzarların, kurqanların üzərindəki tarixi yazılar silinərək, yerinə xaç təsviri vurulub. Daş kitabələr iti alətlə pozulub və tamamilə dağıdılıb. Bu tarixi cinayətə isə dünya birliyi və elmi idarələr sükutla cavab verir.
İctimai birliyin sədri Faiq İsmayılov bildirib ki, bütünlükdə 2645 tarix və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq nümunəsi, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidələri, 1510 mədəniyyət müəssisəsi, o cümlədən 365 klub, 761 kitabxana, 193 mədəniyyət evi, 23 muzey, 4 Dövlət Rəsm Qalereyası, 376 rəsm əsəri, 102 757 muzey eksponatı, 4,6 milyon kitab, 13 arxiv, 260 min arxivləşdirilmiş sənəd, 50 mindən çox vətəndaşın şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalça, fərməş, tikmə, kəmərlər və s.) mədəni-irs nümunələri və digər sərvətlər ya dağıdılıb, məhv edilib, ya da mənimsənilib. Ermənistanın işğal altında saxladığı ərazilərdə 63 məscid tamamilə dağıdılıb, 4 məscid isə sökülərək tanınmaz hala salınıb.
Çıxış edənlər bildiriblər ki, Ermənistanın bu hərəkəti 1954-cü il Haaqa Konvensiyasına və 1999-cu ildə qəbul olunmuş ikinci Protokolun 9-cu bəndinə ziddir. Azərbaycanın işğal altında qalan tarixi mədəniyyət abidələrinə qarşı belə qeyri-insani siyasət beynəlxalq qanun və konvensiyalara görə yolverilməzdir.