SİYASƏT
İşğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti Ermənistanın təxribatçı əməllərinin növbəti nümunəsidir
Bakı, 15 sentyabr, AZƏRTAC
Ermənistan beynəlxalq hüququn normalarını kobud şəkildə pozaraq təcavüzkar siyasətini hələ də davam etdirir, mütəmadi olaraq atəşkəs rejimini pozur, təxribatlar törədir. Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, bir milyondan çox soydaşımızı doğma dədə-baba yurdlarından didərgin salmış təcavüzkar Ermənistan müharibə cinayətlərini davam etdirir.
Bu fikirləri AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı sədrinin müavini, politoloq Mehman İsmayılov bildirib.
Mehman İsmayılov deyib ki, Paşinyan hakimiyyətinin Livandan köçürülən erməniləri Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni şəkildə məskunlaşdırması belə cinayətlərin, təxribatçı əməllərin növbəti nümunəsidir. Təəssüf ki, dünya birliyi, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş, lakin 30 ilə yaxındır ki, bu istiqamətdə irəliyə doğru addım da ata bilməyən ATƏT-in Minsk qrupunun bu ədalətsizliyə laqeyd münasibəti ikrah hissi doğurur.
Politoloq qeyd edib ki, digər dövlətlərə “demokratiya və haqq-ədalət dərsi” keçən, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərməyə cəhd edən beynəlxalq təşkilatların bir milyondan artıq azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozulmasına göz yumması ikili standartların bariz nümunəsidir. Əvvəllər Suriyadan etnik ermənilər işğal altında olan Azərbaycan ərazilərinə köçürülürdü. İndi Livandan da belə qanunsuz köçə başlanılıb. Bu köçün təşkilatçısı olan Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası unutmamalıdır ki, belə cinayətlərə - qanunsuz miqrasiyaya görə mütləq cavablarını alacaqlar.
Suriyadan və Livandan Azərbaycanın işğal altındakı ərazilərinə köçürülən ermənilər unutmamalıdırlar ki, onlar bu ərazilərdə daimi yaşaya bilməyəcəklər, bir gün mütləq geri köçürüləcəklər. Bu ərazilərə köçürülən ermənilər arasında terrorçu və muzdluların olmasına şübhə yoxdur. Onlar öz terror əməllərindən əl çəkməyəcək və ətraf ərazilərdəki kəndlərdə vəhşiliklərini həyata keçirməyə cəhd edəcəklər. Təbii ki, həmin muzdluları Azərbaycan Ordusunun qəhrəman əsgərləri öz xəbis niyyətlərinə çatmağa imkan verməyəcək və bu çirkin fikrə düşənlər məhv ediləcəklər.
ATƏT-in Minsk qrupunun, eləcə də ədalət tərəfdarı olan beynəlxalq qurumların gözü qarşısında baş verən qanunsuz miqrasiyanın qarşısının alınması üçün hər hansı bir tədbirin görülməməsi, işğalçı ölkəyə təzyiq göstərilməməsi regionda gərginliyi və hərbi-siyasi vəziyyəti daha da kəskinləşdirə bilər. Bunun bütün məsuliyyəti isə işğalçı Ermənistan və onun avantürist, faşizm ideologiyasına hüsn-rəğbət bəsləyən baş nazirinin üzərinə düşəcək.
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirməklə hər şeydən əvvəl Dağlıq Qarabağda demoqrafik strukturu dəyişdirmək və həmin ərazilərə köçürülmüş insanlardan silahlı muzdlular kimi istifadə etmək məqsədi güdür. Çünki heç kimə sirr deyil ki, işğal altındakı ərazilərimizə Suriya və Livandan köçürülən ermənilərin əksəriyyəti terrorçu və muzdlulardır. Onların çoxunun Yaxın Şərqdə terrorçu kimi fəaliyyət göstərmələri barədə məlumatlar var. Bu qanunsuz miqrasiyanın sonradan hansı fəsadlara gətirib çıxaracağı hər kəsə bəllidir.
İşğalçı Ermənistan və onun baş naziri bu addımı ilə özünün əsl nasist xislətini ortaya qoyur. Çünki artıq dünya birliyinə də bəllidir ki, Ermənistanda nasizmə meyil getdikcə güclənir və terrorizm bu ölkədə dövlət siyasəti səviyyəsinə yüksəlmiş vəziyyətdədir. Bu cür addımlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli imkanlarını daha da çətinləşdirəcək. Çünki Ermənistanın bu çirkin addımı regionda böyük bir müharibəyə hazırlıqdan xəbər verir.
Mehman İsmayılov bildirib ki, Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn və 1949-cu il Cenevrə konvensiyalarının tələblərinin kobud surətdə pozulması deməkdir. ATƏT-in Minsk qrupunun həmsədrləri məsuliyyətdən yaxasını kənara çəkməməli, işğal altında olan Azərbaycan ərazilərinə qanunsuz miqrasiyanın qarşısını almalı, seyrçi mövqeyindən əl çəkməli, Ermənistanın növbəti hərbi cinayətləri həyata keçirməsinə imkan veməməlidir.