CƏMİYYƏT


İşğaldan azad edilmiş ərazilərdə 2025-ci ilə qədər 10 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulub

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının (ETŞ) iclası keçirilib.

RSXM-nin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda mərkəzdə 2021-ci ildə aparılmış elmi-istehsalat işlərinin nəticələrinə dair müvafiq şöbələr üzrə illik hesabatlar təqdim edilib.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, 2021-ci ildə təşkilat tərəfindən kompleks seysmoloji-geofiziki tədqiqatlar davam etdirilib. Həmçinin 2021-ci ildə beynəlxalq qrant layihəsi çərçivəsində alınmış 22 seysmik stansiya respublika ərazisinə gətirilib. Onlardan 3-ü quraşdırılıb. Hazırda digər seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir.

Xarici ölkə və seysmoloji təşkilatlarla əməkdaşlıq məsələlərinə toxunan baş direktor Böyük Britaniyanın Oksford Universiteti tərəfindən RSXM-lə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsinə təşəbbüslərin olduğunu, Oksford Universitetinin əməkdaşlarının bununla bağlı ölkəmizə səfər etdiklərini və birgə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyib.

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) və Agentliyin Zəlzələ Departamenti ilə RSXM arasında əməkdaşlıq məsələləri haqqında danışan baş direktor qardaş ölkə tərəfindən Qarabağda seysmik stansiyaların quraşdırılmasına dəstək verilməsi, eləcə də mərkəz əməkdaşlarının Türkiyədə təcrübə keçməsi, seysmik stansiyaların məlumatlarının ötürülməsi və s. məsələlərə dair də razılaşmalar əldə olunduğunu deyib.

İşğaldan azad edilmiş ərazilərdə seysmik stansiyalar quraşdırılması məsələsinə gəlincə, bildirilib ki, mərkəz tərəfindən 2025-ci ilə qədər 10 seysmik stansiyanın həmin rayon və şəhərlərdə quraşdırılması nəzərdə tutulub və müvafiq şərait yaranan kimi bu işlərə başlanılacaq.

Daha sonra mərkəzin seysmoloji, geofiziki, geokimyəvi istiqamətlərdə tədqiqat aparan şöbələri, eləcə də digər inzibati şöbələr üzrə görülmüş işlərə dair hesabatlar təqdim olunub.

ETŞ üzvlərinin maraq doğuran sualları müvafiq şöbə rəhbərləri tərəfindən cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.