REGİONLAR
İşğaldan azad edilmiş ərazilərdə əlavə su mənbələri yaradılır
Tərtər, 3 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
“Meliorasiya və Su Təsərrüfatı” ASC işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Cəbrayıl rayonları ərazisində əlavə su mənbələrinin yaradılması ilə bağlı qiymətləndirmə işləri aparır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov jurnalistlərə müsahibəsində deyib. R.Aslanov bildirib ki, həmin rayonlarla yanaşı, Kəlbəcər rayonunda da əlavə su mənbələri var. "Tərtər çaydan başqa Bəsit çayı, Həkəri çayı, Bazar çayı mövcuddur. Biz çalışırıq ki, oralarda suyun toplanması üçün tədbirlər görək. Bunun üçün müəyyən işlər aparmışıq və gələn həftə hökumətə təqdim etmək istəyirik. Həkəri çayı üzərində su anbarı tikmək mümkündür. Bunun üçün təklifimizi hazırlamışıq. Cəbrayıl rayonu ərazisində "Xudafərin” su anbarının tutumu 1,6 milyard kubmetrdən çoxdur. Ondan 13 kilometr aşağıda isə su tutumu 62 milyon kubmetr olan “Qız Qalası” su anbarı yerləşir. “Xudafərin” su anbarında 100 meqavat elektrik enerjisi, “Qız Qalası” su anbarlarında isə 40 meqavat enerji istehsalı nəzərdə tutulur. Bu su anbarları eyni zamanda suvarma üçün çox önəmlidir. “Xudafərin” su anbarı vasitəsilə 250 min hektardan çox sahənin su təminatı yaxşılaşacaq. “Qız Qalası” su anbarından isə saniyədə 50 kubmetr axını olan yeni kanalın çəkilməsi nəzərdə tutulur. Bununla da Cəbrayıl rayonu ərazisində 12 min hektar sahədə suvarma həyata keçiriləcək”, - deyə R.Aslanov bildirib.