CƏMİYYƏT


İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının “Zoom” platforması üzərindən onlayn iclası keçirilib. İclasda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 20/2 saylı 2020-ci il 11 dekabr tarixli qərarına əsasən bu il mərkəzdə aparılacaq elmi-tədqiqat işlərinin əhatəli planı müzakirə edilib.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, RSXM-in Elmi-Texniki Şurasının üzvləri, şöbə rəhbərləri və elmi işçilərin iştirak etdiyi müzakirələrdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxış edib. Bu il aparılacaq elmi-tədqiqat mövzularının planını elan edən baş direktor bildirib ki, tədqiqat işləri ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə mərkəz tərəfindən yeni seysmik stansiyaların quraşdırılması məsələsi də gündəlikdədir.

Həmin ərazilərdə işğaldan əvvəl də seysmik stansiyaların olduğunu qeyd edən professor bildirib: “Bildiyiniz kimi, ermənilər orda hər şeylə vəhşi kimi davranıblar. Bizim maddi-mədəniyyət, tarixi abidələrimizi, yaşayış binalarını, evləri, eləcə də digər infrastrukturları dağıdıblar. Bizim stansiyalar da erməni barbarlığına məruz qalaraq dağıdılıb”.

Baş direktor qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq və bu da Qarabağ ərazisində seysmik tədqiqatlar aparılmasına imkan verəcək.

Hazırda həmin ərazilərin minalardan təmizlənməsi prosesinin getdiyini diqqətə çatdıran Qurban Yetirmişli dövlət qurumlarından müvafiq icazə verilən kimi seysmoloqların həmin əraziyə səfər edəcəklərini və yeni stansiyaların quraşdırılması üçün yerlərə baxış keçiriləcəyini söyləyib. Seysmoloqların Qarabağda aparılacaq digər işlərdə də yaxından iştirakı nəzərdə tutulur.

Daha sonra baş direktor RSXM-in müvafiq bölmələri - seysmologiya, geofizika, geodinamika və geokimya sahələri üzrə aparılacaq tədqiqat işlərinin istiqamətlərini elan edib. Qoyulmuş mövzular Elmi-Texniki Şuranın üzvləri tərəfindən müzakirə edilib. Sonda mərkəzin 2021-ci il üçün plana saldığı elmi-tədqiqat mövzuları təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.