SİYASƏT


İşğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi və infrastrukturun qurulması məsələləri müzakirə edilib

Bakı, 13 fevral, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Minalardan və partlamamış sursatlardan təmizləmə üzrə İşçi Qrupunun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda iştirak edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov dövlətimizin başçısının müvafiq tapşırıqlarını rəhbər tutaraq Minatəmizləmə Agentliyi tərəfindən aparılan işlər barədə ətraflı məlumat verib.

İclasda İşçi Qrupunun üzvü olan müvafiq qurumlarla yanaşı, işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrini həyata keçirən “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Hava Yolları” QSC, “Azərenerji” ASC, “Azərişıq” ASC-nin rəhbər şəxsləri iştirak ediblər.

İşğaldan azad olunmuş ərazilərdə minalardan və partlamamış sursatlardan təmizləmə işlərini həyata keçirən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən həyata keçirilən və planlaşdırılan prioritet layihələrin, o cümlədən dəmir və avtomobil yollarının tikintisi, kommunikasiya xətlərinin qurulması və Füzuli hava limanının inşası ilə bağlı icra edilən minatəmizləmə əməliyyatlarının gedişi barədə ətraflı məlumatlar verilib. Bu istiqamətdə görülən işlərin İşçi Qrupu çərçivəsində daim sıx şəkildə əlaqələndirilməklə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

İşçi Qrupunun iclasında minatəmizləmə fəaliyyətinin əsas meyarlarından biri olan mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirmə işləri, xəbərdaredici təbliğatın aparılması və bu istiqamətdə dövlət qurumlarının birgə əməkdaşlığının zəruriliyi qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.