ELM VƏ TƏHSİL
İşğaldan azad edilmiş ərazilərə qayıdanların özünüməşğulluq imkanlarının artırılmasına dəstək göstəriləcək
Bakı, 14 mart, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşəbbüsü ilə qeyri-formal və informal təhsilin tanınması fəaliyyət istiqaməti üzrə “Qarabağa qayıdış” layihəsi həyata keçirilir.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində, həmin ərazilərə qayıdacaq məcburi köçkünlərin kvalifikasiyalarının tanınması ilə onların özünüməşğulluq imkanlarının artırılmasına dəstək göstəriləcək. Belə ki, formal təhsil alma imkanı olmayan, lakin peşəsi üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçən və ya usta yanında özünütəhsil yolu ilə bilik və bacarıqlara yiyələnən vətəndaşlar bərbər, bağban-dekorator, tikiş avadanlıqlarının operatoru, tikişçi, qənnadıçı-şirniyyatçı və mobil telefonların təmiri ustası peşə ixtisasları üzrə həmin səriştələrin qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.
İmtahanlarda uğurlu nəticə əldə edən ərizəçilər ilk peşə təhsili səviyyəsində diploma sahib ola və azad edilmiş ərazilərimizdə məşğulluq imkanlarından yararlana bilərlər. Müraciət qaydaları, tələb olunan sənədlər, imtahan barədə ətraflı məlumat TKTA-nın saytında yerləşdirilib.