İQTİSADİYYAT
İşğaldan azad edilmiş ərazilərin bərpasında Almaniya şirkətlərinin iştirak imkanları müzakirə edilib
Bakı, 26 yanvar, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq və Alman-Azərbaycan Xarici Ticarət Palatasının İcraçı direktoru Tobias Bauman ilə görüşüb.
Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikasının aidiyyəti təşkilatları arasında müxtəlif istiqamətlərdə, o cümlədən ərazi planlaşdırılması sənədlərinin hazırlanması sahəsində formalaşmış etibarlı tərəfdaşlıq əlaqələri, uğurlu işbirliyi ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Almaniyanın nüfuzlu şəhərsalma və memarlıq şirkətlərinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma layihələrində iştirak imkanları müzakirə edilib.