İşğaldan azad edilmiş və mina təhlükəsi olan ərazilərdə dəmir tullantıları yığan şəxslər həbs olunub
AzerTAg.az
Tərtər, 5 avqust, AZƏRTAC
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və mina təhlükəsi olan ərazilərə qanunsuz daxil olaraq dəmir tullantıları yığan şəxslər həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, idarələrində olan avtomobillə Talış kəndi ərazisinə gizli yollarla daxil olaraq, orada metal tullantıları toplamağa cəhd göstərən şəxslər Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkarlanıblar. Həmin şəxslərə saxla işarəsi verilsə də, onlar polisin qanuni tələbini yerinə yetirməkdən yayınaraq idarələrində olan avtomobillə qaçmağa cəhd göstəriblər. Keçirilmiş tədbirlərlə həmin şəxslər saxlanılıb. Araşdırmalarla onların Fəqan Mirzəyev və Əli Ağalarov olduğu müəyyən olunub.
Həmin şəxslər barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və qərara əsasən hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Xəbərin mətnində orfoqrafik səhv var