İQTİSADİYYAT
İşğaldan azad olunan ərazilərdə İtaliyanın “Ansaldo Energia” şirkəti ilə əməkdaşlığa dair müzakirələr aparılıb
Bakı, 11 dekabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə elektroenergetika sahəsində İtaliyanın “Ansaldo Energia” şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (AERA) AZƏRTAC-a bildirilib ki, energetika nazirinin müavini Elnur Soltanov, agentliyin idarə heyətinin sədri Samir Axundov və energetika nazirinin müşaviri Cavid Abdullayev AERA-nın baş ofisində İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Cuzeppe Marino, İtaliyanın Azərbaycandakı səfiri Avqusto Massarinin daxil olduğu nümayəndə heyəti ilə görüşüblər.
Görüş zamanı “Ansaldo Energia” şirkətinin ölkəmizlə, xüsusilə də Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, enerji istehsalı sahəsində İtaliyanın və dünyanın aparıcı şirkətlərindən biri olan “Ansaldo Energia” elektrik stansiyalarının inşası, elektroenergetika avadanlığının (qaz və buxar turbinləri, generatorlar və mikro turbinlər) istehsalı ilə yanaşı, bu sahədə xidmətlər də təklif edir.