İDMAN
İşğaldan azad olunan torpaqlarımızda şahmat üzrə beynəlxalq turnir keçirilə bilər
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov və AŞF-in birinci vitse-prezidenti Faiq Həsənov Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olublar.
AŞF-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin əsas məqsədi işğaldan azad olunan torpaqlarımızda yaxın gələcəkdə şahmat üzrə beynəlxalq turnirin keçirilməsi üçün mövcud şəraitlə tanış olmaqdır.
M.Məmmədov mətbuat xidmətinə açıqlamasında işğaldan azad olunan torpaqlarımızda beynəlxalq turnirin keçirilməsi ilə bağlı müzakirələrin aparıldığını və yarışın tarixi və digər məlumatlar dəqiqləşəndən sonra ictimaiyyətə məlumat veriləcəyini bildirib: “Bu gün rahat şəkildə Şuşaya səfər etdiyimizə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkür etmək istəyirəm. Tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad etdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə şəfa versin”.
“Bir günlük səfər zamanı mövcud şəraitlə tanış olduq. Gənclər və idman naziri Fərid Qayıbovla mütəmadi olaraq əlaqədəyik. Nazirliklə məsləhətləşmələr davam edir. Səfalı torpaqlarımızda şahmat üzrə turnirin yaxın zamanlarda keçirilməsi müzakirə edilir”, - deyə M.Məmmədov əlavə edib.