İQTİSADİYYAT
İşğaldan azad olunmuş ərazilərdə Türkiyə banklarının investisiya layihələrində iştirakı müzakirə edilib
Bakı, 20 noyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov İstanbulda keçirilən “MUSİAD Expo 2020” sərgisi çərçivəsində Türkiyə Katılım Bankları Birliyi Assosiasiyasının (TKBB) sədri Metin Özdemirlə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ötən il Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü çərçivəsində alternativ maliyyələşmə mexanizmləri sahəsində təcrübə mübadiləsini və KOB-ların investisiya layihələrinin dəstəklənməsi istiqamətində əməkdaşlığı nəzərdə tutan agentlik və TKBB arasında anlaşma memorandumunun, “Ziraat Bank”, “Türk Exim Bank” və agentlik arasında üçtərəfli niyyət protokolunun imzalandığı diqqətə çatdırılıb.
Əməkdaşlığa dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə KOB-ların maliyyələşdirilməsinə dair alternativ mexanizmlərə, TKBB-in təcrübəsindən faydalanaraq KOB-ların inkişaf etdirilməsində innovativ və alternativ maliyyələşdirmə alətlərinin tətbiqinə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Türkiyə banklarının potensial investisiya layihələrində iştirakına və təşviqinə dair müzakirələr aparılıb.