MƏDƏNİYYƏT


İşğaldan azad olunmuş ərazilərimizdə yerləşən tarixi-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı portalın təqdimatı olub

Ermənilərin həyata keçirdiyi vandalizm, özününkiləşdirmə və dağıntı faktları yeni yaradılan portal vasitəsilə ifşa olunur

 

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hazırlanan işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, saytın yaradılmasında məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm, özününküləşdirmə və dağıntı faktlarını açıq internet resurslarında yerləşdirməklə törədilmiş qanunsuz əməllər barədə ictimaiyyəti geniş məlumatlandırmaqdan ibarətdir.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov yeni yaradılan portalın işğaldan azad olunmuş Azərbaycan ərazilərində yerləşən tarix-mədəniyyət abidələrinin real mənzərəsinin geniş ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.

Bildirib ki, işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən monitorinqlər nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən mədəni irsimizin böyük hissəsi dağıdılıb, vandalizmə və özününküləşdirməyə məruz qoyulub. Ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri içərisində məscidlər, türbələr və digər inanc yerləri xüsusi yer tutur.

Nazir vurğulayıb ki, yeni yaradılan sayt işğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz tarixi-mədəniyyət abidələri ilə bağlı portal rolunu oynayacaq.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytı bu istiqamətdə mühüm informasiya resursudur.

Qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili” haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası üçün Mədəniyyət Nazirliyinin nümayəndələri işğaldan azad olunmuş rayonlara ezam edilib və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin yerinə yetirilməsinə başlanılıb.

Vurğulayıb ki, həyata keçirilən monitorinqlər ilə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edib.

Azad Cəfərli bildirib ki, heritage.gov.az saytında azad olunmuş ərazilərdə aparılan tarixi-mədəniyyət abidələrinin monitorinqinin nəticələri geniş şəkildə öz əksini tapıb: “Saytda işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidlərinin işğaldan əvvəl, sonrakı və bərpa görüntüləri, arxiv fotoları və cizgiləri, abidələr haqqında müfəssəl məlumatlar əksini tapıb. Eyni zamanda, abidələrin yerləşdiyi məkanlar müvafiq xəritə üzərində də qeyd olunub”.

Vurğulanıb ki, internet resursu istifadəçilərin rahatlığını təmin etmək baxımından müasir tələblər səviyyəsində hazırlanıb. Belə ki, saytın hazırlanmasında müasir proqram təminatlarından istifadə olunub. Sayt “google”nin seo (search engine optimization - axtarış motoru optimizasiyası) standartlarına cavab verir. Bu da axtarış sistemlərində əlaqəli olan açar sözlər axtarıldığı zaman saytda olan məlumatlar istifadəçilər üçün ən ön sırada göstərilməsinə imkan yaradır.

Bildirilib ki, məzmun baxımından daha dəqiq, elmi, əsaslandırılmış məlumatlarla zənginləşdirilən internet resursu işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi-mədəniyyət abidləri haqqında məlumatları və bu sahədə olan yeniliklərin də operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək.

Sonda mədəniyyət naziri Anar Kərimov və Dövlət Xidmətinin rəisi Azad Cəfərli jurnalistlərin suallarını cavalandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.