CƏMİYYƏT


İşğaldan azad olunmuş ərazilərin 36 min hektarı mina və partlamamış hərbi sursatlardan təmizlənib

Bakı, 5 iyul, AZƏRTAC

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə fəal şəkildə minatəmizləmə əməliyyatları davam etməkdədir. İlkin mərhələdə işğaldan azad olunmuş ərazilərə gedən yolların təmizlənməsi, koridorların açılması və sonrakı mərhələdə isə hökumətimizin qarşıya qoyduğu prioritetlərə uyğun olaraq dağıdılmış, viran edilmiş iri şəhərlərimizin, kəndlərimizin partlayıcı sursatlardan təmizlənməsi əməliyyatları yerinə yetirilir. Bu əməliyyatlar zamanı Agentlik ilkin olaraq həm sosial infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün nəzərdə tutulan ərazilərin təmizlənməsi, həm də gələcəkdə insanlarımızın repatriasiyası planlaşdırılan şəhərlərimizin, kəndlərimizin, ikinci dərəcəli yolların, su xətlərinin, kanalların, kənd təsərrüfatı təyinatlı ərazilərin minalardan təmizlənməsi işlərini həyata keçirir.

Bunu AZƏRTAC-a müsahibəsində minatəmizləmə sahəsində görülən işlər barədə danışan ANAMA-nın Əməliyyat İdarəsinin rəis əvəzi, Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov deyib.

Bildirib ki, bütünlüklə Vətən müharibəsindən sonrakı dövrdə ANAMA-nın ələqələndirici funksiyası ilə həm dövlət, həm də kommersiya qurumları işğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatlarında fəaliyyət göstərirlər.

Məlumat verilib ki, İkinci Qarabağ müharibəsindən sonrakı dönəmdən etibarən aparılmış əməliyyatlar nəticəsində bu günədək ümumilikdə 36 min hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. 61 mindən çox mina və partlamamış hərbi sursat, improvizə olunmuş qurğular, tələ minalar və sair sursatlar aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA-nın əməliyyatları beynəlxalq minatəmizləmə standartları əsasında apardığını söyləyən idarə rəisi deyib ki, bu standartlar hələ dünyada mina aksiyası yarandığı vaxtdan etibarən BMT və bu sahədə digər aparıcı qurumlar tərəfindən təsdiqlənmiş sənəddir. Ona görə təşkilatın əməkdaşları aparılan bütün əməliyyatlar zamanı bu sənədə istinad etməyə daim özləri üçün prioritet hesab edirlər. Çünki müxtəlif ölkələrdə aparılan əməliyyatlarda tətbiq olunan yeniliklər və istiqamətlər yoxlanılaraq dünyada müvafiq təsbitini tapdıqdan sonra bu sənədlərə əlavə olunub. Ona görə də Agentlik bu sənədlərdə qeyd olunan məsələlərə ciddi yanaşır. Prezident İlham Əliyevin ANAMA-nın təkmilləşdirilməsi ilə bağlı müvafiq Fərmanında yer alan məsələlərdən biri də məhz minatəmizləmə əməliyyatlarının beynəlxalq standartlar əsasında aparılmasıdır.

“Agentlik yerli qurumlar və operatorlarla yanaşı, həm də müxtəlif beynəlxalq qurumlarla da əməkdaşlıq edir. Bu beynəlxalq qurumlar, xüsusilə BMT-nin müxtəlif agentlikləridir. BMT-nin İnkişaf Proqramı uzun illərdir Agentliyin fəaliyyətinə müəyyən töhfəsini verir. Maarifləndirmə proqramları BMT-nin Uşaq Fondunun (UNICEF) xüsusi mandatı əsasında həyata keçirilir. Eyni zamanda, bütün bu qurumlarla yanaşı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sıx əməkdaşlığa başlamışıq. Yaxın gələcəkdə bu əməkdaşlıq məcburi köçkünlərin yaşadığı qəsəbələrdə maarifləndirmə istiqamətində aparılacaq tədbirlərlə nəticəsini verəcək”, - deyə Ramil Əzizov vurğulayıb.

Qeyd edilib ki, Agentlik əməliyyatlarını müxtəlif üsul və vasitələrdən istifadə etməklə aparır. Bunlara həm əl, həm də mexaniki minatəmizləmə maşınları, eləcə də itlərlə aparılan minatəmizləmə əməliyyatları daxildir. Biz minaaxtaran itlərin sahələrdə istifadə olunması ilə bağlı ABŞ-ın Marşal İrsi İnstitutu ilə sıx əməkdaşlıq edirik. Bu tərəfdaşlıq müxtəlif donorların – həm bizim yerli, həm də xarici ölkələrin bu prosesə cəlb olunması ilə həmin itlərin alınması məsələlərini ehtiva edir. Belə ki, minaaxtaran itlərə müvafiq ilkin təlim verildikdən sonra onların ANAMA-ya təhvil verilməsi istiqamətində müəyyən işlər görülür. Bizim əməkdaşlıq etdiyimiz beynəlxalq qurumlar çoxdur və Agentlik hazırda dünyada tanınmış brenddir. Dünyanın hər hansı yerində artıq ANAMA-nın adı çəkilində peşəkar, xüsusi təcrübəyə malik qurum göz önünə gəlir. Biz beynəlxalq tədbirlərdə bunun şahidi oluruq. Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin 1998-ci ildə qəbul etdiyi Fərmanla təsis edilən bu Agentlik müdrik uzaqgörənliklə yaradılıb. Otuz ildən sonra biz bunu dərk edir və artıq bəhrəsini indi daha çox görürük. Bizim artıq minatəmizləmə sahəsində 30 ildə formalaşmış milli kadr potensialımız mövcuddur. Odur ki, Vətən müharibəsindən sonrakı dövrdə biz işğaldan azad olunmuş ərazilərimizdə əməliyyatları dərhal və intensiv şəkildə aparmağa başladıq.

ANAMA-nın idarə rəisi diqqətə çatdırıb ki, Agentliyin digər fəaliyyət növü tədqiqat işlərinin aparılmasıdır. Bu tədqiqat işləri 30 il ərzində işğal altında saxlanılan ərazilərdə həm Birinci, həm də İkinci Qarabağ müharibələri zamanı düşmən tərəfindən basdırılan mina sahələrində aparılır. Biz yalnız əvvəllər təmas xətti dediyimiz ərazilər boyu deyil, həm də digər ərazilərdə baş verən mina hadisələrini araşdırırıq. Belə ki, müharibədən sonra 225 nəfər minadan zərərçəkmiş insan qeydə alınıb. Bu insidentlərin 138-i əvvəllər təmas xətti dediyimiz ərazilərdən kənarlarda baş verib. Bu o deməkdir ki, bu otuz illik işğal dövründə düşmən məqsədli şəkildə ərazilərə minalar döşəmişdir. Bu minalar təkcə keçmiş təmas xətti boyunca deyil, eləcə də viran etdikləri kəndlərin, dağıtdıqları şəhərlərin ətrafında da basdırılıb. Bu baxımdan həmin ərazilərdə ANAMA tərəfindən ilkin tədqiqatların aparılması olduqca əhəmiyyətlidir.

“Biz, həmçinin süni intellekt texnologiyasından istifadə edərək uzaq məsafədən mina sahələrinin tədqiqatına başlamışıq. Dronlara quraşdırılmış geniş spektorlu, termal və yüksək dəqiqli kameralarla ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi müəyyən edilir. Bunun isə minatəmizləmə əməliyyatlarının keyfiyyətlə və səmərəli şəkildə yerinə yetirilməsində böyük əhəmiyyəti var”, - deyə Ramil Əzizov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.