İQTİSADİYYAT
İşğaldan azad olunmuş ərazilərin investisiya imkanları xarici investorlara təqdim ediləcək
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin investisiya imkanları xarici investorlara təqdim olunacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İƏTGF) prezidenti Taha Ayhanla görüşüb. KOBİA və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu arasında birgə əməkdaşlığa dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə O.Məmmədov görüşün Azərbaycan üçün əlamətdar bir dövrə təsadüf etdiyini vurğulayıb. KOBİA-nın sədri qonaqları Ermənistanın hərbi təxribatı nəticəsində sahibkarlıq subyektlərinə dəymiş ziyan, bu zərərin aradan qaldırılması istiqamətində Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq görülən işlər, eləcə də işğaldan azad olunmuş ərazilərimizin zəngin iqtisadi və investisiya potensialı barədə məlumatlandırıb.
Görüşdə KOBİA-nın müxtəlif ölkələr və təşkilatlarla kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa böyük önəm verdiyi qeyd olunub. Eyni zamanda, İƏTGF tərəfdaşlarının iştirakı ilə ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı, turizm, İKT və sosial sahibkarlıq sahələrində layihələrin həyata keçirilməsinə, eləcə də innovasiyalar və startaplar üzrə təcrübə mübadiləsinə, gənclər arasında sahibkarlıq düşüncə tərzinin stimullaşdırılması üçün birgə maarifləndirmə tədbirlərinin, təlimlərin və proqramların həyata keçirilməsinə, KOB-ların iştirakı ilə qarşılıqlı tanışlıq səfərlərinin və biznes forumların təşkilinə dair müzakirələr aparılıb.
Görüşdə işğaldan azad olunmuş ərazilərin investisiya imkanlarının xarici investorlara təqdim edilməsi və biznes fəaliyyətinin təşviqi məqsədilə birgə tədbirin keçirilməsi barədə razılığa gəlinib.